Ru
16:27 / 18 Yanvar 2017

“Biz bunu ancaq alqışlaya bilərik” - YAP-dan Lavrov açıqlaması

1356

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq
Qarabağ problemini Azərbaycanın daxili işi saymaması o deməkdir ki, Rusiya onu beynəlxalq birliyin məşğul ola biləcəyi bir məsələ
hesab edir. Əgər Rusiya bunun beynəlxalq hüquq normalarına, Azərbaycanın ərazi
bütövlüyü prinsiplərinə uyğun olaraq həll edilməsini bildirirsə, biz bunu ancaq
alqışlaya bilərik.

Yox əgər, bu, sadəcə olaraq diplomatik bir bəyanatdırsa,
Azərbaycan ictimaiyyətində problemin həll edilməsi rəyi yaratmaq istəyirsə, əlbəttə
ki, Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsdərlərinə ciddi fəaliyyət göstərmək
tələbi həmişə gündəmdədir”.

Bu sözləri BakiPost.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İcra Katibliyinin
Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə S. Lavrovun
etirazlara səbəb olan fikirlərini şərh edərkən deyib.


Millət vəkili qeyd edib ki, əgər Rusiya Dağlıq
Qarabağ problemini Azərbaycanın daxili işi saymırsa, belə olan halda Ermənistanın
Azərbaycan torpaqlarının bir hissəni işğal etməsi faktına hüquqi qiymət verilməlidir:
"Biz çox istərdik ki, Rusiyanın verdiyi bu bəyanatla sabah Ermənistanı məsuliyyətə
cəlb etmə, ondan Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmaq tələbi
bir-biri ilə uzlaşsın.

Əgər Rusiyanın xarici işlər naziri bildirsəydi ki,
bu, Azərbaycanın daxili işidir, o zaman bununla hər hansı beynəlxalq təşkilatın və ya kənar
dövlətlərin məşğul olmasına ehtiyac qalmazdı. Bu məqamın da özündə biz, Azərbaycanın
xeyrinə olan məqamları görməyi bacarmalıyıq. Rusiyanın bu mövqeyindən irəli gələrək Azərbaycanın beynəlxalq hüquqdan yararlanaraq bir çox məsələləri daha çox qabartmaq imkanı var. 


Daxili iş odur ki, onu yalnız Azərbaycan öz daxili
resursları və imkanları ilə əldə edir.


Bir halda ki, Rusiya bunu Azərbaycanın daxili işi
saymır. Belə olan halda, qoysunlar, Ermənistanın Azərbaycan torpaqlarının bir
hissəni işğal etməsi faktına hüquqi qiymət verilsin. Həmçinin Ermənistandan
beynəlxalq hüquq normalarına riayət edilməsi tələb edilsin və onlara qarşı sanksiyalar tətbiq edilsin”.


Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey
Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini şərh edərkən
bildirib ki, bu, sadəcə Azərbaycanın daxili işi deyil. Onun bu fikirləri Azərbaycan
cəmiyyətində ciddi narazılığa səbəb olub.

Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər