Ru
13:26 / 17 İyul 2018

Bir az mentalitetlə məzələn, bir az seksual inqilabdan danış, bir dəfə özünü doğra…

2835

Pərviz Cəbrayıl 

 

Azərbaycan yazıçıları Biləcəridən o yana keçə bilmir, yəni bu, əslində o deməkdi ki, yazıçı-şairlərimizin çap olunan kitablarından dünyanın bilmərrə xəbəri yoxdu. Ola da bilməz. Niyə? Bu haqda bir azdan danışarıq.


Bəs Biləcəridən bu yanda vəziyyət necədi? Guya Biləcəridən bu yanda yazıçılarımızı tanıyırlar? Hə, əlbəttə, şəxsini, adını-soyadını, hətta Feysbukda yazıçı, şair işlədiyini bilirlər. Çağımızda problem deyil bu. Sosial şəbəkələr dünən əlinə qələm alıb yazmağa başlayan ən cücə yazarı da tanıdır. Çünki sosial hesablardakı profillərin informasiya bölümündə yerləşdirilən avtobioqrafik bilgilər bunu çox asan edir. Və bir az Füzulini, Səməd Vurğunu, Müşfiqi, bir az Cavidi, bir az Sabiri, Mirzə Cəlili, Bəxtiyarı, Anarı söy, bir az türkü, türkçülüyü ələ sal, bir az mentalitetlə məzələn, bir az seksual inqilabdan bəh-bəhlə danış, bir az elə-belə inqilabdan od saç, bir az cinsi azlıqları tanrının seçilmiş bəndəsi hesab elə, bir az dini müqəddəsləri lağa qoy, bir az Darvini söy, bir dəfə canlı yayımda intihara cəhd elə… yetər! Yəni özləri tanınır, mətnlərisə yox! Mətninə görə tanıyanların sayısa maksimum 1500-2000 ola-olmaya. Bu maksimum dərəcə də ölkəmizin ən istedadlı, bir də ən xalturaçı, epatajçı yazarlarına aiddi, belə demək mümkünsə, dünya səviyyəli yazarlarımıza və sarı, nə bilim, boz ədəbiyyatın adamlarına.


Dünya səviyyəsi demişkən…


Ədəbiyyatımızı dünya səviyyəsinə qaldırmaq demişkən… "Hansı milli əsərlər bizi ora aparır?” Bir dəfə belə bir sorğu keçirilirdi…


Səmimi deyim ki, ümumiyyətlə, bu ifadənin qəti əleyhinəyəm. "Bizi ora aparır…” – hara aparır? Haradı ora? Milli əsər nə deməkdi? Azərbaycanda yazılan əsərlərdən gedirsə söhbət, razılaşmaq olar. Milli ədəbiyyat olmur ki, hələ bir xüsusi kasta kimi dünya ədəbiyyatı da olsun və bizim ona dəxlimiz olmasın. Sanki Dünya ədəbiyyatı adlı bir coğrafi məkan var, biz də ora can atırıq. Cənnət kimi bir yer! Olsa belə, ora da biz yox, nazir-mazir balaları gedər, iri iş adamları gedər, daha qəpiyə güllə atan Azərbaycan sənət adamı yox!


Hə, dünyanın ədəbiyyatı var, bəli və dünyada yaşadığımıza görə elə biz də o ədəbiyyatın içindəyik. Ordakı hərflərdən biri də bizik və bəlkə elə A hərfiyik. A olmasa belə, Z də deyilik. Şeirdə isə A olduğumuza şübhəm yoxdu!


Bəli, bu kəlmə mənə qətiyyən çatmır: dünya səviyyəsi. Nə deməkdi dünya səviyyəsi? Onu kim müəyən edib? Dünya deyəndə Azərbaycan onun içində getmirmi? Dünya ədəbiyyatı deyəndə bizim ədəbiyyat məgər ondan ayrıdırmı? Ədəbiyyat elm, texnologiya deyil ki, dünya səviyyəsinə, deyək ki, elmi inkişaf etmiş Qərb ölkələrinə çatasan və ya o istiqamətdə inkişaf edəsən. Deyək ki, bu çağda dünyada postmodernizm avanqard cərəyandı, axındı, metoddu. Kim kəşf etdi onu? Artıq postmodern özü də post dövrünə keçib. Mənə kim deyə bilər ki, bu, ana xətdi, ana yoldu? Bu hökmü kim verir? Niyə Qərb və ya elə "dünya ədəbiyyatı” dediyimiz o mücərrəd səviyyəyə çatmalıyıq? Onun irəlidə olması nəylə müəyyən olunur? Əgər biz bu tip cəfəngiyyatlara uyub onlara çatmağa çalışacağıqsa, Heydeggerin, ya başqasının ortalığa çıxardığı axının arxasınca üzməyə çalışacağıqsa, özümüzü kiminsə şagirdi hesab edəcəyiksə, Azərbaycanda ədəbiyyatın inkişafından qəti danışmağa dəyməz. O zaman biz həmişə "çatmağa” çalışacağıq ki, bu da mümkün deyil. Qərbdə ortaya çıxan meyllər bizə ən tezi 50-60 il sonra çatdığına görə, əgər özümüzü onlardan asılı hesab edəriksə, həmişə 50-60 il arxada olacağıq. Ona qalsa, mən də eyni cür deyə bilərəm ki, qoy o mücərrəd yoldaş "dünya ədəbiyyatı” gəlib bizə çatsın. Mən də yazıçıyam, hansısa Con da. Çingiz Aytmatov, Çəmənzəminli, İsa Hüseynov da yazıçıdı, Markes də, Coys da. Hər müəllif öz əsərini yazır, öz eksperimentini aparır, öz modelini təklif edir. Gerisi mənasız söhbətlərdi. Sadəcə, biz ədəbi bazar, ədəbi biznes sahəsində geriyik. Ədəbiyyatı inkişaf etdirmək, yaxud dünya səviyyəsinə çatmaq kimi absurd fikrin dalınca qaçmaqdansa, bunlarla məşğul olmalıyıq. Məni zərrəcə maraqlandırmır dünyada gedən ədəbi proseslər. Proses dünyada getmir, yazıçının içində, təfəkküründə, təxəyyülündə gedir. Ədəbi cərəyanlar deyilən bir şey də yoxdu, sadəcə, bazar üçün modellər düşünən işbazlar var. Nə "dünya” deyilən bir coğrafi ədəbiyyat məkanı var, nə də "dünya yazıçısı” sayılan bir şey. Yazıçının o həmin mücərrəd dünyaya dəxli yoxdu. Yazıçı harda yaşamasından asılı olmayaraq təkdi. Ona görə inkişafın tək bir şərti var: dünyanı vecinə almadan yaxşı yazmaq və bu yaxşı yazdığını satıb növbəti əsərlər üçün maya qazanacağın dünya bazarı. Budur məsələ — ədəbiyyat yox, dünya bazarı və yerli bazar. Bu isə ədəbiyyatın özü yox, infrastrukturunun bir iqtisadi elementidir.


Və nəhayət, bizim bir romanı yazmaq üçün ildə bircə ay vaxtımız yoxdu hansısa çörəkpulu çıxan işlərin əlindən, hansısa ədəbiyyatdan danışmağın mənası varmı?


Demək, məsələ gəlib dirənir Biləcəri probleminə!


Biləcəridən o yana…


Bir yazıçımız Biləcəridən o yanda necə tanına bilər axı? Doğrudanmı bu sözü ortalığa atanlar elə düşünür ki, yaxşı yazıçısansa, ta Böyük Britanıyadan, ya okeanın o üzündən hansısa bir amerikalı, ya ingilis əlini gözünün üstünə günlük eləyib azca diqqətlə baxsa səni görəcək? Mümkünmü bu? Axı mümkün deyil. Biləcərindən o yanda görünmək üçün bu gün bir Azərbaycan yazarı üçün keçilməsi mümkün olmayan ağır, məşəqqətli yollar var!


Birincisi, əlbəttə, öz əsərini xarici dillərə çevirtdirib xarici jurnallara, nəşriyyatlara göndərməkdi. Bizdə buna imkanı çatacaq oliqarx, ya boz ədəbiyyat nümayəndəsi olmayan bir yazıçı varmı? Axşam evə çörəyi güclə alıb aparan yazıçı bir neçə min manatı hardan tapacaq ki, mətnini yollayacağı çoxsaylı ünvanlardan biri ona on il sonra "hə” desin və çap müqaviləsi bağlasın? Yoxdu təbii ki! Üstəlik, onların hər biri sənə çox rahatca "yox” deyər, o minliklərin də batar. Bəs yeni romanın üçün o bir neçə mini hardan tapacaqsan? Üstəlik də gələ biləcək "yox” cavabları var!


Deməli, bu iş yazıçılıq deyil. Bunu ya onun kitabını çap edərkən bir qəpik ödəmədən hansısa absurd maraq üzündən müəlliflik hüququnu da alan nəşriyyatlar etməlidi, ya da ki dövlət. Dövlət isə bu işi o qədər obyektiv qurmalı, o qədər təmənnasız görməlidi ki, indi xırda-xırda bu işlə məşğul olanların etdiyi kimi yalnız öz "bezdarnı” ədəbi qohum-əqrəbasını xaricdə çap etdirənlər yenə qazanın başında oturub dövlətin pulunu, başqa yazarların haqqını irin-qan kimi əmməsinlər.


Nəşriyyatlar ölkələrinin mədəni maraqlarını, dünyada tanıtmaq məqsədini nəzərə alaraq xarici nəşriyyatlarla əməkdaşlıq, mübadilə edə, qarşılıqlı xeyirvermə yolu ilə müqavilə də bağlaya bilərlər. Ancaq bu işdə də dövlətin yardımı olmadan keçinmək mümkün deyil. Təbii ki, bunların hamısının başında söz azadlığı və ədəbiyyatının dünyada tanıdılmasının dövlətin marağında olması gəlir.


Deməli, Biləcəridən o yana keçəmmədik.


Qayıdaq Biləcəridən bu yana…        


Kitab bazarının ölgün olmasının bir səbəbi kimi naşirlərimiz mətnin azlığından, yaxşı mətnin yoxluğundan danışırlar. Bütövlüktdə mətndən, yəni materialdan danışırıqsa, güman eləmirəm ki, ədəbiyyatımızda qıtlıq var. Həftəyə iki roman, 5-6 şeir kitabının təqdimatına dəvət alıram.


Səbəb materialsızlıq deyil. Bizim yazarlar, əslində, hərə bir qəhrəmandı. Heç bir qazanc umudu olmadan yazırlar. Sırf ədəbiyyat naminə, söz yanğısı hesabına. Əlbəttə, dünyanın tanıdığımız ən ünlü imzaları da zaman-zaman yazıb çap olunacaqları günü, məşhurlaşacaqlarını, yaxşı qazanacaqları, bu işlə sonunda bir peşəkar kimi məşğul olacaqlarını gözləyiblər. Çünki o günə ümidləri olub. Bəs bizim elə bir umudumuz varmı? Həmişə dediyimi təkrarlayıram: bizim yazarların iztirablarının perspektivi yoxdu.


Azərbaycan yazarı nədən stimul alıb yazsın? Yaxud yazıb nə alacaq? Heç nə. Mən bu işdə tam da nəşriyyatları qınamıram. Onlar da maddi baxımdan korluq çəkirlər. Bazarlarımızın alıcılıq qabiliyyəti sıfra bərabərdi. Dövlətin də heç bir işlək proqramı yoxdu. Halbuki çox asan yolu var bunun. Ancaq nəşriyyatlar öz maddi vəziyyətlərini xarici kitabların hesabına qaydasına qoyub, yerli yazarlara imkan yarada, reklama pul ayırıb canlanma yarada bilərlər. Di gəl, kim öz cibinə düşməndi? Yazıçılarımız fədakarlıq edib yazdığı kimi nəşriyyatlar da etsə, yazıçıda maraq oyada, onları yeni əsərlər üçün ruhlandıra bilərlər.


Deyək ki, indi mənim hazır bir romanım var. Onun ərsəyə gəlməsi mənə 6 min manata kimi pula, xeyli itkilərə başa gəlib. Ancaq çap etdirsəm, nə alacağam? Heç olmasa 1-2 min alacağammı? Yox. Heç qəpik də almayacam. Elə bir nəşriyyat yoxdu ölkədə, varsa da, bizim mətnlər onlarlıq deyil. Neynəyək, pul üçün durub gic-gic şeylər yazaq? Müəllifə verilən on bəxşiş kitabla nə ailə saxlamaq olur, nə yeni roman yazmaq.


Nəşriyyatlar kitabı çap edir. Ancaq onun reklamına beş manat da ayırmır. Heç nə xərcləmədən qazanmaq isə mümkün deyil, sadəcə, çax-çux etmək olar. Bizim nəşriyyatların işi məhlədə balaca masa qoyub bakuş-makuş satmaq kimi bir şeydi. Heç bir nəşriyyat bədii kitabı çap edərkən onun oxucu auditoriyasını öyrənmir, kitabın ünvanlandığı oxucu çevrələrini araşdırmır, kitabların satılacağı seqment haqda da heç bir incələmə aparılmır.


Buna deyirlər, allah umuduna iş görmək. Yəni günahı nə yazarın, nə oxucunun, nə kitab bazarının, nə iqtisadi vəziyyətin üstünə atmaq lazımdı. İqtisadi cəhətdən bizdən geri qalan, ya bizə tay, yaxud o qədər çətin durumda olan ölkələr var ki, kitab oxuma göstəricilərinə görə dünyanın çox inkişaf etmiş ölkələrini qabaqlayırlar. Çünki nəşriyyatlar öz biznes planını, plan-marketinqini qurublar, ona görə də günahkar axtarışına çıxmırlar.


Beləcə, Biləcəridən bu yana gəldik, məlum oldu ki, burda da dövlətin dəstəyi olmadan heç rayonlara belə çıxmaq mümkün deyil, nəinki Biləcəridən o yana.


Sovet dövrünün kitab siyasəti elə də uzaq keçmişdə qalmayıb. Yenisini qura bilmiriksə, köhnəsindən niyə yararlanmayaq?


Ölkədə 6 mindən çox dövlət kitabxanası var. Hər çap olunan kitabdan hər kitabxanaya 2 dövlət sifarişini xəyalınıza gətirin (detalları düşünmək də dövlət babanın işi olsun). Bu, artıq 12 min tiraj edir. Üstəgəl də sərbəst satış bazarı! Həm nəşriyyat qazanır, həm yazıçı. Və yenə başda azad söz və dövlətin ədəbi inkişafla bağlı iradəsi gəlir.


Ona görə də mən bu ölkədə ədəbiyyatın inkişafına zərrəcə ümid bəsləmirəm. Sadəcə, sözdü də danışırıq, söhbətdi də, eləyirik. Görünür, istilər pis təsir edib. Adam yaza-yaza da yuxu görür…
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər