Ru
14:41 / 13 İyul 2017

“Bilirsən necə ağırdı... Bəs mən kimin adamıyam?”

1698
BakuPost.az Azərbaycanın tanınmış jurnalisti, şairi Elçin Mirəbəylinin son şeirlərindən birini təqdim edir. "Özgə adam” adlanan bu şeir sosial şəbəkələrdə geniş müzakirə olunur. Bir ay sonra 50 yaşı tamam olacaq müəllif bu şeirin yaşadığı ömrünə elegiya olduğunu bildirib:


Bilirsən necə ağırdı

Öz Vətənində yad olmaq?

Bir cüt yaşlı gözdən düşən

Bir cüt qırıq qanad olmaq?...


Bilirsən necə ağırdı

Kölgə olmaq?

Kölgə-adam...

Öz yurdunda qərib olmaq,

Özgə olmaq...

Özgə - adam...


Bilirsən necə ağırdı?...


Yandırır-yaxır adamı...

Bəs mən kimin adamıyam?

Torpağın, daşın adamı,

Dərənin, dağın adamı...

Böyük torpağın adamı...

Kiçik torpağın adamı...


Bilirsən necə ağırdı?...


Elə bil ki, öz evində

Götürüblər əsir səni...

Öz dişlərin parçalayır,

Öz əllərin kəsir səni...


Bilirsən necə ağırdı?...


Cırtdanların arasında...

Böyüyəsən, Div olasan.

Ev-ev bölünə ətrafın,

Sən yenə bütöv olasan...


***


...Bu mənəm ey, mənəm, Vətən,

Haqqına tamarzı adam.

Ürəyini parçalayan

Güllədən də razı adam.


***


Sığmır bu saxsı torpağa

Külüm, yerimi dəyişim...

Doğum yerimi dəyişim?

Ölüm yerimi dəyişim?


***


Ana, mənə layla demə...

Daşımır bu bədən məni...

Məni Allah öldürmədi,

Öldürdü ey... 

Vətən məni...


Elçin Mirzəbəyli

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər