Ru
16:34 / 09 Fevral 2017

“2 AYDA 80 NƏFƏRİ ŞƏRLƏDİLƏR” Bərdə polisinə şok ittihamlar:

16490

TV əməkdaşının əlil
qardaşına işgəncə verildi: "Rəisin köməkçisi iki minimi zorla aldı”

 

Lider televiziyasının
Qarabağ bölgəsi üzrə operatoru vəzifəsində çalışmış, ötən il TV ilə yollarını ayıran İlqar Fərmanlının qardaşı, 2-ci qrup əlil
Azər Fərmanlı polis tərəfindən işgəncələrə məruz qalıb.

Bu barədə BakiPost.az-a
İ.Fərmanlı məlumat verib. O bildirib ki, hadisə ötən il, sentyabrın 14-də Bərdə
rayonunda baş verib. Operatorun sözlərinə görə, Bərdə polisi Azər Fərmanlını
narkotik maddələrdən istifadə etmə, daşıma, saxlama ittihamları ilə saxlayıb:
"Məsələni araşdırmaq üçün polis bölməsinə getdim. Emin və Rəşad adlı polis əməkdaşları
və özünü rəisin köməkçisi kimi təqdim edən Elnur adlı şəxs məni qarşıladı.
Bildirdilər ki, qardaşım Azər və onun dostunu gecə saxlayıblar, avtomobilində
axtarış aparıblar və guya, narkotik maddələr aşkar ediblər. Bu səbəbdən də
tutaraq polis bölməsinə aparıblar. Mənə dedilər ki, Azər Fərmanlıyla bağlı
cinayət işi açılacaq”.

"2 saata 2000 manat verməsən,
həbs edəcəyik”

Keçmiş TV əməkdaşının
iddiasına görə, polis əməkdaşları ondan cinayət işinin açılmaması üçün rüşvət tələb
ediblər:
"Cinayət işininin açılamaması üçün məndən 5000 manat pul tələb etdilər.
Həmin polis əməkdaşları mənim adımı, kimliyimi, nə işlə məşğul olduğumu
bilirdilər. Özləri də dedilər ki, sən bizneslə məşğul olursan, səni yaxşı
tanıyırıq. "Əgər pulu verməsən qardaşının üzünə adam durğuzub, həbs etdirəcəyik”
deyəndən sonra qorxuya düşdüm. Mənə 2 saat vaxt verdilər. Naəlac qalıb pulu
tapmaq qərarına gəldim. Amma yalnız 2000 manat verə biləcəyimi dedim. Rəisin
köməkçisi olduğunu deyən mülki geyimli Elnur adlı şəxs "rəis” deyə müraciət
etdiyi kimləsə telefonla danışdı. Onun razılığını alandan sonra 2000 manata
razılaşdığını bildirdi”.


İlqar Fərmanlı 

"Univermaq”da verilən rüşvət

İlqar Fərmanlı qardaşını
xilas etmək üçün 2000 manatı gecəylə Elnura verib:
"Pulu "Univermaq” adlanan
yerdə görüşüb, Elnurun özünə təhvil verdim. Mənə söz verdi ki, Azəri səhər
buraxacaqlar”.

"Rəisə yemək-içmək al!”

15.09.2016 tarixində
qardaşını bölmədən azad etməyə gedən İ. Fərmanlı polis şöbəsinin qarşısında bir
neçə saat gözlədilib. Daha sonra isə ondan rəisə yemək-içmək almağını tələb
ediblər:
"Onlardan asılı idim deyə, nə dedilər, elədim. Günortaya kimi mənə
müxtəlif tapşırıqlar verirdilər, mən də hamısını edirdim. Günorta gördüm,
qardaşımı buraxmaq fikirləri yoxdur, səs-küy saldım, sonar Azəri azad etdilər.
Azər and-aman etdi ki, onun narkotiklə heç bir əlaqəsi yoxdur”.

"Təhlükəsizlik kamerası
olmayan yerdə təpikləyiblər”

Azər Fərmanlının,
qardaşına söylədiklərinə görə, onu bölməyə aparmaqlarına səbəb PPX əməkdaşlarına
sənəd verməkdən imtina etməsi olub: "Qardaşım deyir ki, gecə onu PPX əməkdaşları
saxlayıb, sənəd istəyiblər. Azər də onların sənəd istəməyə hüquqlarının
olmadığını deyib. Polislər onu təhqir etməyə başlayıb və tutub bölməyə
aparıblar. Pilləkanla qalxanda kameralar olmayan yerdə, yumruq, təpik vurmağa
başlayıblar. Daha sonra otaqda zərbələr endirməyə başlayıblar. Azər də əlil
adamdır. Zərbələrə dözməyib, həyatını itirə bilərdi. Daha sonra polislər onu
narkotiklə şərləyəcəklərini deyiblər”.


Azər Fərmanlı

"Son 2-3 ayda 80 nəfəri şərləyiblər”

Qardaşının şərləndiyinə əmin
olandan sonra İ. Fərmanlı Elnur adlı polis əməkdaşından pulunu geri tələb etməyə
başlayıb:
"O, əvvəlcə pulu qaytaracağını dedi. Lakin sonra telefonla danışanda
pulu geri qaytaracağı təqdirdə mənə və ailə üzvlərimə problem yaradacağını
bildirdi. Onun hər bir əclaflıq edəcəyini düşünüb Elnurun səsini yazdım. O səs
yazıları məndə indi də var. Prokurorluğa da təqdim etmişəm. Əvvəlcə şikayət etmək
istəmirdim. Lakin eşitdim ki, son 2-3 ayda rayonda 80-dən çox adamı şərləyib,
qanunsuz olaraq pullarını alıblar. Hətta məhkəmənin hakimləri də onların əlindən
beziblər. Bir neçə dəfə onların saxladıqları adamları həbs belə etməyiblər.
Buna cavab olaraq da polislər hakimlərin maşınlarını cərimə meydançasına
aparıblar”.

Generalın qəbulu

Fərmanlı qardaşları və
polis əməkdaşlarındən şikayətçi olan digər bir Bərdə sakini Daxili İşlər
Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, general Sahib Mirzəyevin qəbulunda
olub:
"Səs yazılarını da generala təqdim elədik. Dinlədi. Dedi, belə
qanunsuzluq olmaz. Araşdırılması üçün tapşırıq verdi. Amma üstündən aylar
keçib, hələ də bir səs-səda yoxdur”.

"Rəisin köməkçisi” kimi təqdim
olunan Elnur əslində, kimdir?

İlqar Fərmanlı bildirir
ki, sonradan qardaşı həbs olunan gün mülki geyimdə ondan rüşvət almağa gələn
Elnur adlı şəxsin polis orqanlarına heç bir aidiyyətinin olmadığını öyrənib:
"Sonradan bildik ki, Elnurun polisə heç bir aidiyyəti yoxdur. O, sadəcə rəisin
"qara kassir”idir. Oturur maşınlara, gedirlər yolda kimisə saxlayırlar,
provakativ bir şey edib, tutub bölməyə aparırlar”.

Məsələ ilə bağlıBakiPost.az-ın əməkdaşı Elnurla əlaqə saxlayıb. O, ittihamları qəbul etməyib və
ümumiyyətlə bu məsələlərdən xəbərsiz olduğunu bildirib.

"İlqar Fərmanlı adlı Bərdə sakini sizdən
Prezidentə şikayət edib, xəbəriniz varmı” sualına "Nə yazıb ki?”, - deməklə məsələdən
xəbərdar olduğunu göstərsə də, sonradan "səhvini” düzəldib: "Nə Bərdə, nə
polis, nə rəis? Mən Lənkəranda yaşayıram, talışam. Bərdəyə heç bir aidiyyətim yoxdur”.

İlqar Fərmanlı məsələ ilə
bağlı prezident İlham Əliyevə, anası Naibə Nəbiyeva isə Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Meriban Əliyevaya müraciət ünvanlayıb.

Onlar Bərdə rayonunda əhalinin
sakit yaşayışına maneçilik törədən polis əməkdaşlarının cəzalandırılması və işdən
azad olunması üçün lazımi orqanlara göstərişlər verilməsini xahiş ediblər.

 

Bakı Post

 

“2 AYDA 80 NƏFƏRİ ŞƏRLƏDİLƏR” Bərdə polisinə şok ittihamlar:
“2 AYDA 80 NƏFƏRİ ŞƏRLƏDİLƏR” Bərdə polisinə şok ittihamlar:
“2 AYDA 80 NƏFƏRİ ŞƏRLƏDİLƏR” Bərdə polisinə şok ittihamlar:
“2 AYDA 80 NƏFƏRİ ŞƏRLƏDİLƏR” Bərdə polisinə şok ittihamlar:
“2 AYDA 80 NƏFƏRİ ŞƏRLƏDİLƏR” Bərdə polisinə şok ittihamlar:
“2 AYDA 80 NƏFƏRİ ŞƏRLƏDİLƏR” Bərdə polisinə şok ittihamlar:
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər