Ru
17:06 / 18 Yanvar 2017

Baş nazirin çaşqınlıq yaradan soyadı - Rasizadə, yoxsa Rasi-zadə?

6436

Azərbaycan tam müstəqil dövlət olsa da, sovetlərin
soyadlarımıza hopdurduğu "-ov”, "-yev” sonluqlarından heç cür xilas ola bilməmişik.
Sovet dövründə təhsil alanların əksəriyyəti soyadlarının yeni sonluqlarla təqdim
edilməsini qəbul etmirlər.

Digər tərəfdən isə 2000-ci ildən sonra dünyaya gələn
uşaqların soyad sonluğu milli üslubda təqdim olunur.

Azərbaycanda "-zadə” soyad sonluqlarına da münasibət
birmənalı deyil. Deyirlər ki, bu sonluq farslarla bağlı olduğundan milli soyad
sonluğu sayıla bilməz.


"-zadə” soyad sonluğundan söz düşmüşkən, bəzən bu
sonluğu daşıyanlar onu soyaddan defislə ayırırlar. Bu isə həmin soyadı
yazanlarda əməlli-başlı çaşqınlıq yaradır. Məsələn, Baş nazir Artur Rasizadənin
soyadında bu hal müşahidə olunur. Baş nazirimizin soyadı bir yerdə Rasizadə,
digər yerdə Rasi-zadə kimi yazılır.

İş o yerə çatıb ki, Baş nazirin soyadı ilə bağlı
çaşqınlıq hətta rəsmi qurumlara da sirayət edib. Məsələn, rəsmi mətbuat – "Azərbaycan”
qəzeti, AZƏRTAC dövlət agentliyi baş nazirin soyadını gah Rasizadə kimi, gah
Rasi-zadə kimi yazır. Bunu həmin media orqanlarının internet səhifələrinə baxmaqla
görmək olar.


Bu qarşıqlıq elə digər mətbu orqanlarda da gözə dəyir.

Nazirlər Kabinetinin rəsmi sənədlərində isə Baş
nazirin soyadı defislə (Rasi-zadə) yazılır.

Maraqlıdır, düzgün yazılış qaydası hansıdır? Rasizadə,
yoxsa Rasi-zadə? "-zadə” sonluğu soyada bitişik yazılmalıdır, yoxsa defislə?

Filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü,
deputat Nizami Cəfərov Modern.az saytına açıqlamasında "-zadə” sonluğu ilə
bağlı səslənən fikirlərin izahını bu formada verib.


"-zadə”
sonluğu fars mənşəlidir. O zaman tövsiyələr hazırlayıb müzakirələr aparanda ilk
dəfə "-zadə” sonluğundan imtina etdik. Lakin sonra bir daha təhlillər apardıq.
Məlum oldu ki, "-zadə” sonluqlu soyad daşıyanlar kifayət qədər çoxdur. Eyni
zamanda, klassiklərimizin də soyadında bu sonluq mövcud olub.


Baxmayaraq ki,
"-zadə” fars mənşəli şəkilçidir, farslardan daha çox bu gün bu sonluğu azərbaycanlılar
daşıyır.

Artur müəllimin soyadına gəlincə, deyə bilərəm ki,
onun soyadındakı "-zadə” sonluğu rəsmi olaraq defislə yazılır. Çox güman ki,
onun sənədlərində də bu, belədir. "-zadə” sonluğunun ayrı yazılması hallarını
tez-tez müşahidə etmək olur. Görünür, bu, rus dilinin orfoqrafiyasının təsirindən
irəli gəlir və bu şəkildə davam edir. Çox böyük alimimiz olan Lütfi Zadənin də
soyadında "-zadə” sözü ayrı yazılır. Amma Azərbaycan dilinin qayda-qanunlarına
görə "-zadə” sonluğu bitişik yazılmalıdır”.

Deputatın sözlərinə görə, "-ov”, "-yev” soyad
sonluqları ilə bağlı insanlara sərbəstlik verilib.


"Soyadlarda
"-ov”, "-yev” sonluqları ilə bağlı neçə il bundan qabaq AMEA-nın xüsusi
komissiyası işləyib tövsiyələrini verdi ki, rus mənşəli "-ov”, "-yev” soyadları
bütövlükdə yığışdırılsın. Tövsiyədə bildirilirdi ki, "-ov”, "-yev”in əvəzinə
"-lı”, "-li”, "-oğlu”, "-soy” forması soyad sonluğu olsun. Ya da soyad şəkilçisiz
olsun.


Daha sonra "-zadə” sonluğu ilə bağlı müəyyən mübahisələr
ortaya çıxdı və bu təkliflər müzakirəyə verildi. Hələ də "-ov”, "-yev” üzərində
müzakirələr davam edir.


Soyad məsələsi ilə bağlı insanlara sərbəstlik
verildi. Məsələ ondan ibarətdir ki, müstəqilliyimizin 25 illiyini arxada
qoymuşuq. Yenə də "-ov”, "-yev” sonluqlu soyad çoxluq təşkil edir. Bu da belə təsəvvür
yarada bilər ki, biz "-ov”, "-yev” sonluğundan imtina etmək istəmirik. Əslində
elə deyil. Bu, texniki olaraq davam edir”.

Nizami Cəfərov öz
soyadının "-ov” sonluğundan imtina niyə etmədiyi haqda sualımıza belə
cavab verib.

"Artıq 60 yaşıma yaxınlaşıram. Belə müzakirələr,
tövsiyələr olub. Amma əvvəldən bu soyadla tanınmışam. Düşünürəm ki, mənim üçün
soyad sonluğunu dəyişmək gecdir. Çünki bir çox sənədlər var ki, onları dəyişməyə
lüzum görmürəm. Yenə də təkrar edirəm. Kim dəyişirsə, bu, çox yaxşı haldır.
Eyni zamanda, burada söhbət gələcək nəsillərdən gedir. Eyni zamanda, mövcud
olan soyadları kiməsə zorla dəyişdirtdirmək də olmaz”.


Bakı Post

Baş nazirin çaşqınlıq yaradan soyadı -  Rasizadə, yoxsa Rasi-zadə?
Baş nazirin çaşqınlıq yaradan soyadı -  Rasizadə, yoxsa Rasi-zadə?
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər