Balıqqulağı yığa-yığa milyoner olmaq olar?

1442
QARAŞIN XATUN

Afrikaya gəlməmişdən öncə Bodrumda yaşayırdım. Bakıya bənzətdiyim üçün seçmişdim oranı. Şəhər olaraq bənzəsələr də, insanları çox fərqli idi. Daha səbrli, mütəvazi, sadə, qarşısındakını geyim, yaşam, sosial statusundan asılı olmayaraq insan, fərd kimi qəbul edirlər. Ön yarqılarla davranıb ayrı seçkilik etmirlər. Türklərlə bərabər çox sayda fərqli millətlərdən olanlar da yaşayır orda. Xoşbəxtliyi dənizdə, meşədə, mavi səmada, yer üzündəki cənnətdən bir parça olaraq görənlərin həyatlarını davam etdirmək istədikləri yerdir ora. Gözəl dostluqlar qazandım orda. Həm türk, həm fərqli irq və millətlərdən. 

Həftə sonu əslən yəhudi olan dostumla görüşdük. Qış fəsli olmasına baxmayaraq qəhvəmizi alıb dəniz kənarına getdik. Hər zaman maraqlı söhbətlərimiz olurdu onunla həyat, yaşam, fəlsəfə üzərinə. O da mənim kimi təsadüflərə inanmayan biri idi. Oxuduğu son kitabı müzakirə edirdik: Jan Jak Russo "İctimai müqavilə". Əsər 1762-ci ildə yazılmasına baxmayaraq bu günümüzə qədər fəlsəfə kitabları arasında ilk sıralamada yer alır. Kitabda dövlət, xalq, hökumət, köləlik, idarəçilik qavramlarının bir arada istifadə olunması onu daha da maraqlı və oxunaqlı edir. Demokratiyadan köləliyə qədər uzanan incə kəsiyi müzakirə edə-edə xeyli yol gəlmişdik. Qəhvələr çoxdan bitmişdi. Qəhvəmin qabına dəniz kənarı boyunca marağımı çəkən balıq qulaqlarını yığmışdım. Balıq qulaqlarını uşaqlıqdan sevib yığırdım. İndi də qeyri ixtiyarı toplamışdım onları. Yol boyu məni izləyən Ethan birdən gülə-gülə: 

"Yoxsa sən də yəhudisən?” deyərək davam etdi: "Çoxdan şübhələnirdim səndən, bizdən biri olduğundan”. Çaşqınlıqla da olsa "niyə belə düşünürsən" deyə soruşdum. 

-Sən Shellin hekayəsini bilmirsən?

"Yox” dedim.

-"Shellin qurucusu Marcus Samuel əslən yəhudi bir ailənin uşağı idi. Londonda dünyaya gəlmişdi. Uşaq vaxtlarından balıqqulağı toplayıb satarmış. Zamanla özünə kiçik bir dükan açır. Sonra o dükanı böyüdür və zəncirvari dükanlar açır. Uzaq Şərqdən balıqqulağı almağa başlayır. Bir gün oğlunu Bakıya iş səyahətinə göndərir. Hər şey o səyahətdən sonra dəyişir. Bakıda olduğu müddətdə neft alqı-satqısı onun diqqətini çəkir, bu işdə böyük gələcək görən Marcus Junior və Sam bu işə başlaya bilmək üçün öncə "Maurex" adlı tankerlər icad edirlər. Bu nəhəng tankerlər vasitəsilə kerosin və neft daşımağa başlayırlar. Bu şirkət Rokfellerin sahib olduğu Standart Oil-ə rəqib olmaqla bərabər Standart Oil-in şərqdəki hakimiyyətini azaltmaq üçün Royal Dutch Petroleum ilə güclərini birləşdirdilər. Meksika körfəzində ilk ticari neft quyusunu da onlar açdı. Afrika, Amerika, Asiya, Avropa bir sözlə bütün dünyada tanınan "Royal Dutch Shell Group" olaraq tarixə keçdilər. İndi Shell dünya markasıdır. Shellin emblemi isə ilk gün olduğu kimi indi də balıqqulağıdır. Bu da Marcusun balıqqulağı yığmaqla başlayan və sonda neft kralına çevrilən həyat hekayəsi”.

 Əlimdəki balıqqulağı dolu qəhvə qabına baxıb, Ethan bəlkə də, nə bilmək olar dedim. İkimiz də eyni anda çox içdən qəh-qəhə çəkdik.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər