Ru
12:42 / 28 Fevral 2017

Bakıda Müşfiqə geniş park salınacaq - “Bu, Heydər Əliyevin istəyi idi” Rəsmi:

2727

Bakıda görkəmli şair Mikayıl Müfiqin adına park
salınacaq.

Bu barədə BakiPost.az-a M.Müşfiqin heykəlinin
götürülməsi barədə məsələyə münasibət
bildirərkən xalq şairi Sabir Rüstəmxanlı məlumat verib. O bildirib ki, dünən M.
Müşfiqin büstünün götürülməsinin cəmiyyətdə böyük ajiotaj yaratmasından sonra məsələ
ilə maraqlanıb. Məlum olub ki, əslində, məqsəd Mikayıl Müşfiqin adına layiq
yeni park salınmasıdır:


 


"Məsələ ilə bağlı siyasi baxışından, peşəsindən asılı
olmayaraq insanların reaksiyası əslində, sevindirici haldır. O baxımdan ki,
bu məsələ Azərbaycan ədəbiyyatına, tarixinə münasibətin hər kəsin diqqət mərkəzində
olduğunu göstərir. Ancaq hesab edirəm ki, bu reaksiya bir qədər tələsik olub.
Dünən məsələ ilə bağlı bir çox adamlarla danışdım və mənim özümdə də yaranmış
narahatlıqlar aradan qalxdı. Əvvəlcə onu deyim ki, Müşfiqin heykəlinin
qoyulduğu yer biz ziyalıların heç vaxt xoşuna gəlməyib. Son zamanlar orada
yaxınlıqda restoranların tikilməsi, bir çox iaşə obyektlərinin açılması bu yeri
bir qədər də gözdən salmışdı. Əvvəl heykəlin arxasında kitabxana var idi, indi
onu restoran əvəz edib. Bir neçə yolun kəsişməsində salınan parkda bir küncdə
Müşfiqin heykəlinin qoyulması çox əlverişsiz idi. Çünki Müşfiq günlərində orada
heç bir tədbir keçirmək mümkün deyildi. İndi də məlum olur ki, əslində heykəlinin
oradan götürülməsi, Müşfiqə olan hörmətsizlikdən deyil, əksinə, ona olan yaxşı
münasibətdən irəli gəlir. Belə ki, dövlət Müşfiqin heykəlini öz adına layiq bir
yerə qoyacaq.


Həmin ərazidə Müşfiqin şərəfinə yaradılan gözəl bir
parkın mərkəzində onun götürülən heykəli yerləşdiriləcək”.

Millət vəkili Nizami Cəfərov da Müşfiq adına
salınacaq parkla bağlı öz fikirlərini dilə gətirib. BakiPost.az-a danışan
deputat büstün yerləşdiyi əvvəlki məkanın o qədər də əlverişli olmadığı qənaətindədir:


 


"Mən də düşünürəm ki, o yer Müşfiqin büstü üçün o qədər də münasib deyildi.
Çünki sıxlıq bir yerdir. Amma təbiidir ki, yeni salınacaq parkda büstü
qoyulacaqsa bu, ən münasibidir. Çünki Müşfiq bizim ədəbiyyatımızın çox nəhəng
bir simasıdır. Həm də taleyi elə gətirib ki, bu gün bizim xalqımız ona
borcludur. Çünki o cür taleli insanlara daha çox diqqət yetirilməlidir. Bizim
dövlətimiz də onları diqqətdən kənar qoymur. Təbii ki, onun barəsində nəisə
düşünülür”.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri
Anar Nəcəfli BakiPost.az-a deyib ki, dövlət proqramına uyğun olaraq həmin ərazi
genişləndiriləcək və orada 5000 kv.m-lik park və yaşıllıq zonası salınacaq:


 


"Həmin
ərazidəki "Statistika dairəsi” ləğv ediləcək. Geniş park salınacaq. Müşfiqin
büstü də həmin parkda ucaldılacaq. Düşünürəm ki, bu, Müşfiqsevərlər üçün xoş xəbərdir.

Dövlət Statistika Komitəsinin qarşısında yerləşən
dairə ləğv olunacaq. İnşaatçılar prospektindən gələn avtomobillər artıq birbaşa
dairə olan istiqamətdə daxil ola bilməyəcəklər. Onlar Nərimanov prospektinə
yönləndiriləcək. Nərimanov prospektindən Abdulla Şaiq küçəsinə geridönmə
yaradılacaq. O yol da genişləndiriləcək. Paralel yol yaradılacaq. Nərimanov
prospekti Nərimanov heykəlinə doğru bir istiqamətli olacaq.

Əks istiqamət üzrə də Abdulla Şaiq küçəsi yenidən
qurulur. Əks istiqamətdə avtomobillər o yolla hərəkət edəcək. Abdulla Şaiq küçəsiylə
Nərimanov prospekti Nərimanov heykəlinin qarşısında və Statistika dairəsinin
yanında birləşdirilir.


Sırf 5000 kv.m-lik ərazidə yeni park olacaq. Mikayıl
Müşfiqin də büstü ora qoyulacaq. Hesab edirəm ki, bu park görkəmli şairimizin
adına layiq olacaq.


"Sovetski” ərazisində bu kimi dəyişikliklər planı ötən
əsrdən var idi. Mərhum prezident Heydər Əliyevin arzusu idi bu işləri həyata
keçirmək. İndi də bu işlər cənab prezidentimiz İlham Əliyevin bir başa nəzarəti
ilə həyata keçirilir. Bu işlərin bir hissəsinə Füzuli küçəsinin genişləndirilməsi
ilə 2014-cü ildə start verilib. Müşfiq parkının salınması da bu planın tərkib
hissəsidir”.

Nigar Etibar

Bakı Post

Bakıda Müşfiqə geniş park salınacaq - “Bu, Heydər Əliyevin istəyi idi”  Rəsmi:
Bakıda Müşfiqə geniş park salınacaq - “Bu, Heydər Əliyevin istəyi idi”  Rəsmi:
Bakıda Müşfiqə geniş park salınacaq - “Bu, Heydər Əliyevin istəyi idi”  Rəsmi:
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər