Bakıda Çingiz Aytmatovla bağlı təntənəli tədbir - Oğlu da iştirak edib

1615
Çingiz Aytmatovun atasını ermənilər öldürüb

Bakıda Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

BakuPost xəbər verir ki, türk dünyasının və dünya ədəbiyyatının parlaq simalarından biri olan Aytmatova həsr olunmuş gecə Türk Dövlətləri Parlament Assambleyası (TürkPA) ilə Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilib. 

"Çingiz Aytmatovun dostları arasında” adlandırılan gecədə onun tanışları, dostları, ziyalılar, ictimai-siyasi xadimlər, xarici ölkələrin diplomatik nümayəndələri, eləcə də Qırğızıstandan dəvət olunmuş nümayəndə heyəti iştirak edib. Qırğızıstandan gələn heyətin tərkibində Ç. Aytmatovun oğlu Əsgər Aytmatov da olub. 

Tədbiri giriş sözü ilə AYB-nin sədri Anar açıb, Çingiz Aytmatovla bağlı geniş çıxış edib. Sonra Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TürkPA-nın sədri Dastanbek Jumabekov, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Qırğızıstan- Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Musa Quliyev və Türk Dünyası Mədəni irsinin Qorunması fondunun sədri Günay Əfəndiyeva çıxış ediblər. 
 


Ç. Aytmatovu gənclik illərindən tanıyan, müxtəlif ölkələrdə konfranslarda, poeziya gecələrində birlikdə iştirak etmiş xalq şairi Sabir Rüstəmxanlı onunla bağlı xatirələrini bölüşüb. Bildirib ki, Aytmatovla ilk əyani tanışlığı ötən əsrin 80-ci illərində olub: "1982-ci ildə Bişkekdə Asiya-Afrika gənc şairlərinin 4-cü konfransı keçirilirdi. Orada Azərbaycanı təmsil edirdim və o vaxtkı SSRİ gənc poeziyasının nümayəndəsi kimi çıxış edirdim. Konfransa Çingiz Aytmatov rəhbərlik edirdi. Konfransdan sonra bizi Kant deyilən qəsəbəyə apardı. Avtobusda  dedi ki, mən sizi bu gün azərbaycanlıların yaşadığı qəsəbəyə aparıram.  Qırğızıstana köçürülən azərbaycanlılardır. Aytmatovla ilk tanışlığımız belə oldu.  

Sonra onunla İstanbulda, Bakıda dəfələrlə görüşdük. Ən yaddaqalanı  Türkiyənin Elazığ şəhərində təşkil olunmuş Xəzər şeir günlərində olmuşdu. 

Orada Aytmatovun adına park açıldı və Aytmatov günü keçirildi. Əsas məruzəni də mənə vermişdilər. Danışdım, Aytmatov yaradıcılığını yaxından izləyən biri kimi fikirlərimi dedim. Aytmatov axırda zarafatla dedi ki, "bax, bu cür ancaq azərbaycanlı şairi danışa bilərdi. Qırğızıstanda belə danışmazlar”. 

Çıxışlarda dəfələrlə Aytmatovun Nobelə layiq olduğu, amma almadığı qeyd olunurdu. Mən isə dedim ki, Aytmatov Nobeldən yuxarıda dayanan bir şəxsdir. Çünki Nobel mükafatı siyasiləşib.  Əlavə etdim ki,Nobel Bakı neftinin hesabına formalaşmış mükafatdır. Onun kökündə Bakı neftinin pulları dayanır. Lazım olar, Türk dünyası özü mükafat təsis edər.

Bu sözlərimdən sonra ayrılmazdan bir az əvvəl Aytmatov mənə dedi ki, sən mənə yaxşı ideya verdin.  Azərbaycan, doğrudan da, Nobel mükafatı səviyyəsində ədəbiyyat mükafatı təsis edə bilər və bu çox gözəl olar. O zaman Nobelin sırasına düzülənlər Bakıya axarlar. Məndən bunu Azərbaycanda aidiyyəti şəxslərə, qurumlara çatdırmağımı istədi. Bəlkə indi də heç gec deyil. Çünki bu, Aytmatovun arzusu idi”.

Xalq şairi sonrakı vaxtlarda Dünya Azərbaycanlıları Konqresi adından Aytmatovu Bakıya dəvət etdiklərini deyib: "O zaman xaricə getməli idim deyə onunla cəmi bir neçə saat bərabər olduq. Lakin hər görüşümüzdə hiss etmişəm ki, o, Azərbaycanı nə qədər sevir, bura nə qədər bağlıdır”. 

Sabir Rüstəmxanlının onunla bağlı maraqlı xatirələrindən biri də Aytmatovun atasının erməni tərəfindən öldürülməsi faktını ona deməsi olub: "Biz Elazığda görüşərkən ona dedim ki, Çingiz ağa, siz bilirsiniz ki, atanızı da ermənilər öldürüb? Dedi, yox, bundan xəbərim yoxdur. Dedim sizin haqqınızda yazılmış kitabda qeyd olunub ki, atanızı Qırğızıstan NKVD-sinin sədri Saakov güllələyib.  Ad-soyadını görən hər bir qafqazlı onun erməni olduğunu anlayır. Onlar Özbəkistanda törətdikləri qətliamları Qırğızıstanda da davam etdirmişlər..Onda Aytmatov çox təəccüblənmişdi”.

Tədbir iştirakçıları Çingiz Aytmatovun Bakıya səfərlərindən, ölkəmizə sevgisindən,əsərlərinin çevrilməsindən, onun Qırğızıstandakı qədər Azərbaycanda da sevilməsindən bəhs ediblər.
 
BakuPost
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər