Bakcell əməkdaşları “UAFA”nın Xaçmazdakı İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər ediblər

1868
2010-cu ildən bəri Xaçmazda yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzində "Bakcell”in dəstək göstərdiyi layihədən 300-ə yaxın uşaq bəhrələnib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün "Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində "Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi "İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir.

"İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsi "UAFA”nın Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni imkanlar təmin etmək məqsədi daşıyır. Layihə zamanı 80-dən çox uşaq öz maraq və seçimləri əsasında yeni bacarıqlara sahib olmaqla yanaşı, istedadını müxtəlif tədbirlərdə nümayiş etdirmək imkanı əldə edəcəklər.

Mart ayının 15-də Bakcell şirkətinin əməkdaşları "UAFA”nın Xaçmazdakı İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər edib, mərkəzin dərnəklərində iştirak edən uşaqlarla vaxt keçirib, onların hazırladıqları tamaşa və rəqsləri böyük həvəslə izləyib və təşkil edilmiş Novruz şənliklərinə qatılıblar. Uşaqlar da öz növbəsində qonaqlara öz rəqslərini, şəkil və əl işlərini və digər nailiyyətlərini böyük məmnuniyyətlə nümayiş ediblər. "Qızlarımın hər ikisi serebral iflicdir.
 
Heç bir yerə aparmırdım, çünki utanırdılar, heç bir uşaqla ünsiyyət qurmurdular, danışmırdılar. Xaçmaz İƏR mərkəzində "Bakcell”in dəstəyilə  rəqs dərnəyindən bəhrələnən qızlarım artıq özlərinə yeni dostlar qazanıblar. Ailəlikcə getdiyimiz məclislərdə artıq onlar özlərinə qapanıb oturmur, məhdudiyyətlərinə görə utanmırlar. Qonağı olduqları ailələrin uşaqları ilə sosiallaşır, öyrəndikləri rəqsləri onlara da öyrətməyə can atırlar”, deyə Nəzrin və Lalə Müslümovaların anası Sevda xanım bildirib. 

"Oğlum danışmır. Onu mütəmadi olaraq mərkəzdəki rəsm məşğələsinə gətirirəm. Davud əvvəl necə davranacağını, nə ilə məşğul olacağını bilmirdi. Elə mən də bilmirdim ki, onun boş vaxtını necə doldurum. Ancaq indi o evdə darıxmır, çünki rəngli karandaşları yonur, boyalı kistləri yuyur, müəllimin verdiyi şəklə baxıb rəsm çəkir. Alınmayanda pozub yenidən çəkməyə başlayır. Sakitləşib, özünə inanır. Çəkdiyi şəkilləri qonşulara göstərməyə artıq utanmır”, deyə  Davudun anası Qəmər xanım bildirib. 

Bakcell şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində "UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Həmin dərnəklərdə iştirak edən uşaqlar müxtəlif tədbirlərdə bacarıqlarını böyük həvəslə nümayiş etdirməklə özlərinə və onları alqışla qarşılayan tamaşaçılara böyük sevinc hissi bəxş edirlər. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.

Bakcell şirkətinin dəstək verdiyi bu layihə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanlar yaradılması, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlib. 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər