Ru
12:08 / 21 Fevral 2017

Azərbaycanın qaz problemi nə vaxt başlayıb? - “Bu il canımız qızmadı”

2545

"Azərbaycanda təbii qazla bağlı problemlər 2016-ci
ilin oktyabr ayından yaşanmağa başlayıb”.

Bu sözləri BakiPost.az-a Neft Araşdırmaları Mərkəzinin
rəhbəri İlham Şaban deyib.


O bildirib ki, ölkədə kommunal xidmətlərlə, əsasən də
təbii qazla bağlı problem artıq xroniki hal alıb:
"Çünki bu problem hər həftə
baş verən hadisədir. Biz hər həftə hansısa elanlara rast gəlirik. Verilən
elanlara görə, gah magistral kəmərlərdə, gah paylayıcı şəbəkələrdə təmir işləri
ilə əlaqədar paytaxt rayonlarında və ya Azərbaycanın digər rayonlarında hansısa
bölgələrə, yaşayış məntəqələrinə müəyyən vaxta kimi qaz verilməyəcək. Bu
insanlarda haqlı narahatlığa səbəb olur”.


İ. Şabanın sözlərinə görə, sonuncu dəfə Azərbaycanda
1990-ci illərdə qazla bağlı böyük problemlər olub:
"Amma 2000-ci ilin
oktyabrında Azərbaycan Rusiyadan qaz idxal etməyə və 2007-ci ildə "Şahdəniz”
yatağından qaz hasil etməyə başlayandan Azərbaycan istehlakçılarının heç vaxt
qazla bağlı belə problemləri olmayıb. Biz bu problemi ilk dəfə 2016-ci ilin
oktyabr ayında yaşamağa başlamışıq. Oktyabrda havanın temperaturu qəfil aşağı
düşdü. Düzdür, onda Dövlət Neft Şirkəti bunu onunla əlaqələndirdi ki, qazın
verilişi adətən noyabr ayında verilir. Buna görə əhali ilə anlaşılmazlıq oldu.
Amma ondan sonra əhali də gördü ki, heç də istədiyi qazı lazımi səviyyədə ala
bilmir. Artıq qış ayları başa çatır. Cəmi 1 həftədən sonra mart ayıdır. Təəssüf
ki, bizim əhalinin nəinki bölgələrdə, heç paytaxtda da canı kifayət qədər
qızmadı. Lakin bunun səbəbləri barədə dəqiq nəisə deməyə çətinlik çətinlik çəkirəm”.


İlham Şaban qeyd edib ki, Dövlət Statistika Komitəsi
əmtəəlik qazın ötən illə müqayisədə 3.1 faiz azaldığını açıqlayıb, amma bu,
böyük həcm deyil:
"Həmin əmtəəlik qazın əvəzlənməsi üzrə bizdə ən böyük
istehlakçı "Azərenerji” ASC-dir. Onlar 50 faiz, hətta ondan da çox öz istilik
stansiyalarında qaz istifadə edirdi. Onu mazutla əvəz etdilər. Əgər o, mazutla əvəz
olundusa, demək bu istehlakçıların əhali qrupu cəmi 2.9, 3 milyard kub metr qaz
alır. Yəni əhali qrupunu təmin etmək nə böyük problemdir? Bax bunun real olaraq
izahını "Azəriqaz" İstehsalat Birliyi verməlidir”.


Ekspert vurğulayıb ki, Azərbaycan keçən il 17.7
milyard kub metr əmtəəlik qaz hasil edib:
"Bizim daxili bazarda tələbatımız 10
milyard kub metrdir. Yəni belə baxanda həcmlərlə bağlı hansısa böyük problem
yoxdur. Ona görə də yalnız əhaliyə nə qədər qaz verildiyi açıqlanır. Kommersiya
qurumu, istixanalar və digər qurumların həcmləri açıqlanmır. Amma açıqlansa
yaxşı olar.


Ümumiyyətlə, bu il qış elə də sərt keçmədi. Yanvar
ayının 26-na kimi faktiki olaraq bu il qış olmadı. Əgər havalar normal keçirsə,
bütün sistemlər yüklənmə rejimində deyilsə, o zaman problem nədədir?”.


Sevinc Yasinqızı

Bakı Post

Azərbaycanın qaz problemi nə vaxt başlayıb? -  “Bu il canımız qızmadı”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər