Ru
20:00 / 17 Oktyabr 2018

Azərbaycanın gənc yazarlarının əsərləri Türkiyədə çap edildi, amma... - “Oxuyub dəhşətə gəldim”

2731
Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Türkiyədə çap olunan "Azerbaycan Edebiyat Antolojisi”nin təqdimatı keçirilib. Antologiyada 100  müəllifin əsəri yer alıb.


BakuPost Sim-sim.az-a istinadən xəbər verir ki, antologiyada mətnləri dərc olunan müəlliflər tərcümə işini kəskin tənqid ediblər. Sayta açıqlama verən Rəbiqə Nazimqızı bildirib ki, tək onun şeirləri yox, digər qələm dostlarının təqdim etdiyi əsərlər də qüsurlu tərcümə olunub: "Bu antologiya çap olunanda çox sevindik ki, xarici ölkəyə çıxırıq. İmzaları, mətnləri çox yaxşı seçmişdilər. Çox sevindik ki, yüz gənc bir aradadır. Təbrik elədik və getdik kitabların dalınca. Gördük ki, kitab yoxdur, demək olar ki, heç kimə çatmadı. Hamı bir-biri ilə şəkil çəkdirir, söhbət edir. Gözlədik ki, bəlkə kitablar gələr, çünki demişdilər ki, gəlməlidir. Amma gəlmədi. Dostlar mənə deyəndə ki, sənində orda yazın var, - hətta şəklini də atmışdılar, - istədim, bir jest edəm, təşəkkür edəm və o şəkli paylaşdım. Mən də şəkildəki mətnə baxmamışdım. Sadəcə, çox sevindim ki, insanlar əmək sərf edib belə bir iş görüblər. Şəklə baxmamışdım deyə, görməmişdim ki, adım səhv yazılıb. Tədbirdə kitabın mündəricatına baxırdım ki, kimlər var və adımı görəndə dəhşətə gəldim. Adımı "Rabikə” yazıblar. "Rabikə” kimdi, bu hansı əsasla belə yazılıb? Tək mənim adımda səhv yox idi, başqa uşaqlarda da səhv yazılmışdı. Sonra səviyyəsi ilə də bağlı mətnlərə də baxdıq, göz gəzdirdik. Hərə öz mətninə baxdı və gördük ki, Günel Xəzəlin mətnində "həkim” sözü tərcümə olunmayıb. Çünki türklərdə həkim deyil, doktordu bu söz. Emin Pirinin şerirində "qocalıram” sözü "kocalıyorum” kimi tərcümə olunub. Biz tərcüməçi ilə əlaqə saxlamağa cəhd elədik. Dostlardan birinə belə dedilər ki, ümumiyyətlə, bunların sistemi budur ki, ancaq hərfləri dəyişib, sözləri tərcümə etməyə ehtiyac yoxdur. Biz bir millət iki dövlətik və dilimiz eynidir. Belə çıxır ki, bunlar ancaq nə ilə məşğul olub, sadəcə "ə” hərflərini "e”, "x” hərflərini "h” eləməklə, Azərbaycan əlifbasında olub, Türkiyə əlifbasında olmayan hərfləri dəyişiblər. Bunun üçün tərcüməçiyə nə ehtiyac vardı ki? Bu bir proqramdır və "Word”də bu var ki, hərfləri dəyişmək olur. Bunu avtomatik edirsən və lazımı hərflər çevrilir. Bunun üçün əziyyət çəkməyə ehtiyac yoxdur. Tərcüməçiyə də pul ayırmağa ehtiyac yoxdur. Kompyuterdəki "siçanın” iki hərəkəti ilə bunu eləmək mümkündür, buna niyə pul ayrılsın ki?


Düşünürəm ki, antologiya biabırçılıqdı, üzə çıxarılası deyil. Ümumiyyətlə, türklərə göstəriləsi deyil. Çünki bunu bu şəkildə göstərsək Azərbaycan ədəbiyyatının taleyi ilə bağlı çox miskin mənzərə yaranır. Bundan əlavə həm də tərcümənin keyfiyyəti ilə əlaqədar onlar da görəcəklər ki, tərcümə keyfiyyətsizdir. Şeirlərin öz keyfiyyəti də orda ikinci plana keçir, çünki tərcümə keyfiyyətsizdirsə, onlar şeirin də keyfiyyətini müəyyən edə bilməyəcəklər. Əgər pul ayrılırsa, yaxşı iş görürsünüzsə ki, doğurdan da yaxşı işdir, bunu keyfiyyətlə etmək lazımdır. Bu şəkildə başdan sovdu eləmək olmaz. Xaricə, Türkiyəyə çıxarılacaq kitabla belə zarafat eləmək olmaz”.


Aysel Əlizadə: "Mənə antologiya verən olmayıb. Həvəslə yığışıb tədbirə getdik, amma kitab tapmadıq. Tapanlar da dəhşət içindədir. Hamı şikayətlənir. Tərtibatçıların günahı deyil. Amma həmişəki kimi - bir günahkar vardır, əlbət… Bəlkə də mənim şeirimi yaxşı tərcümə ediblər. Amma mən o şeiri görməz oldum. Allah bunların bəlasını versin”.


Mübariz Örən: Dədə-babadan görmüşük ki, harasa, kiməsə bir sovqat hazırlayanda hər şeyin ən yaxşısını, ən təzəsini, ən sağlamını qoyardılar zənbilə ki, qoy üzümüz ağ olsun, payımız urvatlı olsun, camaatın yanında biabır olmayaq. Antologiya da sovqat kimi bir şeydi; ölkənin, millətin incəsənətini, mədəniyyətini, ədəbiyyatını təqdim edir, göstərir... Əfsuslar olsun ki, bizdə belə antologiyalar əsasən üz qaraldır, körpülər qurmaq əvəzinə, olan-qalan telləri də yandırır. Azərbaycan futbolda, öz meydanında Maltaya uduzur, hardasa buna dözmək olar; yaxşı futbolçumuz yoxdu. Şairlərimiz ki var! Sözügedən antologiyaya düşən gənclərdən əksəriyyəti istedadlı gənclərdi, sözüm yox, mətnlərinə də şübhəm yoxdu. Amma o mətnləri hansı formada, hansı keyfiyyətdə veriblər, söhbət bundadı! Gülməli - daha çox ağlamalı - şəkildə, şil-küt olunmuş, tanınmaz hala salınmış... Niyə? Nə vacib idi 100 müəllif olsun? 50 olsun, amma keyfiyyətli olsun, üzağardan olsun. İndiki işin adı isə bir adı var - vandalizmdi. Vandalizmin gözü-qaşı olmur. Hiddət yaradan sual isə budur: nə vaxtacan hökm sürəcək ədəbiyyatımızdakı bu anarxiya, dərəbəylik, biveclik?!


Mirmehdi Ağaoğlu: "Doğrusu, kitabı dərindən incələmək imkanım olmadı. Mənim hekayəmdə Qurandan epiqraf verilib. Surənin adı belədir: "Əl-Ənkəbut" Tərcümədə isə "Alı Ankebut" yazılıb. Elə bu səhvə görə hekayəmə bütövlükdə göz atmaq istəyim olmadı. Dedim, başqa səhvləri də görüb hirslənməyim. Tədbirdə İLESAM-ın rəhbəri Parmaksız bəy dedi ki, kitab Türkiyədə kitabxanalara paylanılacaq ki, türk oxucular Azərbaycan ədəbiyyatı ilə tanış olsunlar. Doğrusu belə qüsurlu tərcümədən sonra türk oxucusu Azərbaycan yazıçılarını tanımasa yaxşıdır. Məncə o kitabı türk oxucusundan gizlətmək lazımdır”.


Aqşin Evrən Məsələ ilə bağlı A24.Az-a danışıb: Antologiya çıxan gün onlarla gəncimiz bunu paylaşaraq, şeirlərinin Türkiyədə çap olunmasını böyük sevinclə qeyd etdi. Azərbaycanın yaradıcı gəncləri son 10 ildə ilk dəfə idi ki, belə kütləvi şəkildə sevinirdi. O da gözlərindən gəldi. Bu antologiyada mənim 2 şeirim çıxıb. Onlardan ikincini şair Elçin Aslangil tərcümə etmişdi. Təsəvvür edin, o vaxt həmin tərcüməni paylaşmışdım, hamı yazmışdı ki, şeirin tərcüməsi orijinalından daha təsirlidir. Elçin Aslangil Türkiyədə yaşayır, bu dili mənimsəyib. Ona müəyyən qədər qonorar verib, şeirlərin heç olmasa yarısını keyfiyyətli şəkildə tərcümə etdirmək olardı, amma "Quql transleyt” sağ olsun! Təsəvvür edin, Azərbaycan gənci illər sonra ilk dəfə Türkiyəyə təqdim olunur, onda da bu şəkildə. Əlimi 6-cı sinif Ədəbiyyat kitabına basıb and içə bilərəm ki, bizim çağdaş poeziya türk poeziyasından qat-qat yüksəkdədir. Ancaq sanki bu tərcümə ilə poeziyamızı qardaş ölkədə gözdən salmaq istəyiblər. Hər halda xarici ölkələrdə antologiyamızın nəşr olunması təqdirəlayiq haldır, bunu davam etdirmək lazımdır. Ancaq gələn dəfə bu qədər müəllifi antologiyaya doldurub aləmi qatmağa lüzum yoxdur. 100 müəllif nədir? Azərbaycanda sıxsan, 15-20 normal mətn yaza bilən gənc var. Elə onların mətnlərini keyfiyyətli şəkildə çıxarıb, dünyaya təqdim etmək lazımdır. Ümid edək ki, növbəti dəfə belə bir fəlakət yaşanmayacaq.


Şəhriyar Del Gerani: "Əslində, maraqlıdır. Ciddi sözümdür. Bu tip işbazlar əvvəl-axır özlərini biabır etməliydilər. Belə çıxır ki, dostumuz Fəridin (Fərid Hüseyn) adını sadəcə "kullanıb”lar.


Rəşad Nağı Mustafa: "Azerbaycan Edebiyat Antolojisində” "İstanbul” şeirim türk dilində çap olunub. Şeirdə "qayıdacaqsan” sözü "kayıdacaksan” kimi tərcümə edilib. Tərcüməçidən Allaha sığınıram. Hələ də özümə "kayıda” bilmirəm. Kitab əldə edə bilmədim. İçində şeirim olan kitabı mənə nə verdilər, nə də satdılar, dedilər ki, yoxdu. Mən belə başa düşdüm ki, Türkiyədən gələn bu kitabları bizim gömrükdən buraxmayıblar. Mən öz şeirimi Sərdar Aminin əlindəki kitabdan oxudum. Sərdar da kimdənsə baxmaq üçün alıb. O kimsə də başqa kimsədən, o başqa kimsə də, ayrı kimsədən. O ayrı kimsənin də sən demə Gömrükdə day-dayı var ondan alıb. Bunları deyirəm, eyni vaxtı fikirləşirəm ki, məni bu fikirlərimə görə qınayacaqlar. Deyəcəklər ki, adamın şeirini tərcümə eləmişik, antalogiyaya salmışıq, əvəzində bizi tənqid eləyir. O məsəl var e, 5 dəfə imama ağlayanda, 1 dəfə də yezidə ağla, boş söhbətdi. Nə o vaxtki Yezidlər, nə də indiki Yezidlər ağlanılası deyil. Amma adamın üstə Allah var, tədbir çox maraqlı keçdi, tədbirdən təmir olunmuş ev iyi, artırılmış balkon iyi, alçipan iyi gəlirdi, 14 dəqiqə oturdum. Dünən maşına müştəri qismində Afaq Aslan minmişdi. Afaq Aslan bu günki tədbirdən maraqlı idi. Ümumiyyətlə Afaq Aslan indiki ədəbiyyatdan maraqlıdı.


Günel Eyvazlı: "Antologiya ilə bağlı öncə söyləyim ki, əziyyət çəkən hər kəsə öz minnətdarlığımı bildirirəm. Yazıları toplayanlara, redaktə edənlərə, dil uyğunlaşması aparanlara, bizi – 100 gənci bir kitab çətirinin altında toplayan İLESAM rəhbərliyinə minnətdarlığımı bildirirəm. 


İstənilən işin gözəl tərəfləri olduğu kimi, qüsurları da olur. Bu, qaçılmazdır. Bir də görürsən öz kitabına görə korrektora bir ətək para verirsən, kitab əlinə çatır, yenə də səhvlərdən qaça bilməmisən.


Qüsurlar var. Məsələn, niyə görə soyadım Eyvazlı yox, Ayvazlı kimi qeyd edilib. Çox kobud səhvdir. Eyvaz ayrı, Ayvaz ayrı. Bioqrafiyanın önünə Ayvazlı yazıblar, bioqrafiyanın açılışında Eyvazlı gedib. Mətnlərin sırf türk dilinə çevrilməsini hiss etmədim. Sadəcə uyğunlaşdırma aparılıb. Dünən gözəyarı nəzər salmışam. Amma bir-bir oxuyacam. Mənə digər məsələ həm də maraqlıdır. Kitab Türkiyədə çap edilib və Azərbaycana gətirilib. Çox gözəl. Kitabı lap 40 ədəd Amerikada da çap edib çamadana yığıb gətirmək mümkündür. Mehmet bəyin müsahibəsində oxudum ki, antologiya Azərbaycanda bütün kitabxanalara paylanılacaq. Bəs Türkiyədə? Türkiyədə paylaşım olacaqmı? Tanıtım olacaqmı? Söhbət çap makinasından, yerdən, yurddan getmir axı. Məsələnin məğzi tanıtımdır. Bizim yazılarımız Türkiyə ictimaiyyətinə çatdırılacaqmı?


Ayxan Ayvaz: "Sevinirdik ki, Türkiyədə hekayəmiz çap olunub, artıq dünyaya çıxırıq. Amma eyvah! Hekayəmin ən yaxşı hissəsi bilmirəm hansı səbəbdənsə tərcümə olunmayıb, sonluğu da qatıb qarışdırıblar. Hələ mənimki yaxşıdı, o biri yazarların tərcüməsi lap bərbaddı. Bir də 100 gənc müəllifin antologiyaya salınmağı nə deməkdir? Qardaş, heç Azərbaycan ədəbiyyatını başdan-ayağa hesablasaq 100 ciddi imza yoxdur. Heç nə. Nöqtə, nöqtə və nöqtə…”


Ramil Əhməd: "Neçə gündü dostlar antalogiyada çap olunan mətnlərini həvəslə paylaşıb dünyaya çıxmaqdan danışırlar. Az əvvəl mənim də şeirimi göndərdilər. Üzr istəyirəm, Türk Dili və Ədəbiyyatı bölümündə Doktorantura təhsili alan biri kimi bu sözləri anlamadım: "hemişe, başa düşerlerdi, gizletirlerdi, nisgilde kaldı, kaça kaçta”… Sonra dostların mətnlərinə baxdım, yenə biabırçılıq! Yanlış anlaşılmasın, akademik meyarlardan dəm vurmuram – ki bu prizmadan gözucuyla baxmaq belə mümkün deyil –sadəcə "Qarabağda qaldının” tərcümədə necə "nisgildə qaldığı”nı, bu mətnlərin hansı "kaça kaçta” tərcümə olunduğunu "başa düşmeye” çalışıram. Və bilmirəm bu kitabda əməyi keçən o xeyirxah insanlara qəzəblənim, ya bunu uğur kimi paylaşan gənc dostlarıma!


Elave olaraq: 1897-ci ildə Ahmet Mithatın başlatdığı "Klasikler Tartışması”nda əsas məsələlərdən biri də klassiklərin necə tərcümə olunması, tərcümənin estetik meyarları, ölçüləridir… Bu gün də deyəsən, 16 oktyabr 2018-ci ildi”.


Həsən Kür: Gənclərə göstərilən diqqət yaxşı idi, heç mənim xəbərim olmadan şeirlərimi götürüblər, sağ olsunlar, amma sözün əsl mənasında "yola veriblər”. "Google translate” etməkdənsə, deyərdilər, özümüz tərcümə edib onlara göndərərdik. Bu daha yaxşı və səliqəli olardı, nəinki belə. Ən maraqlısı isə şeirimdəki "Yiyəsini axtarar” sözünü "iyesini axtarar” kimi tərcümə ediblər. Sağ olsunlar.


Kitabın redaktoru Rəşid Məcid "Qafqazinfo"ya tənqidlərlə razılaşdığını bildirib: "Qismət Rüstəmovun paylaşımı ilə tanışam. Ola bilsin ki, bir az tələsikliyə yol verilib. Tərcümədə qüsurlar var. Məsələ burasındadır ki, şeir türk dilinə çevrilməsə daha yaxşı olar. Ya şrifti dəyişsinlər, ya da anlaşılmaz sözlərin lüğətini yazsınlar. Görünür ki, qeyri-diqqətsizlik olub. Yəqin ki, gələn dəfə bu problem olmayacaq. Xoş bir təşəbbüsdür. İstəməzdim ki, bu iş mənfi reaksiya ilə qarşılaşsın. Mən də tərcüməçiyə bildirəcəm ki, gələcəkdə bunları diqqətə alsın. Əsasən şeir tərcüməsində belə qüsurlara yol verilib. Tənqid edənlərin fikirlərini də təbii qarşılayıram”.


Qeyd edək ki, kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik münasibətilə Türkiyədə nəşr edilib. Nəşri düzənləyən Fərid Hüseyn, Günel Şamilqızı, redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məciddir. Yazıları Türkiyə türkcəsinə Məhəmməd Rza uyğunlaşdırıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər