Ru
13:46 / 17 Yanvar 2017

Azərbaycanda yeni iş yerləri açıla bilər - Davosdan gözləntilərimiz/ ŞƏRH

2149

Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Davos şəhərində
sayca 47-ci Dünya İqtisadi Forumu başlayır.


Azərbaycan prezidenti İlham Əliyev də forumda
iştirak edir.


BakiPost.az mövzunun aktuallığını nəzərə alaraq, "Azərbaycan
bu forumdan nə gözləyir” sualı ilə sabiq deputat, iqtisadçı Nazim Bəydəmirliyə
müraciət edib.


Ekspert bildirib ki, prezident İlham Əliyev ölkəmizdə
yeni iş yerlərinin açılması ilə bağlı müxtəlif şirkət rəhbərləri ilə görüşlər və
diskussiyalar keçirəcək.

Onun sözlərinə görə, görüşlər əsasən qeyri neft
sektoru ilə bağlı olan şirkətlərlərin rəhbərləri ilə olacaq:
"Bu forum dünyanın
aparıcı iqtisadi güclərinin bir platformada öz investisiya proqramlarını sərgiləməyə
imkan verir. Həmçinin maliyyə sektorundan başqa, əsas texnoloji şirkətlərin
nümayəndələrinə digər ölkələrin başçıları ilə görüşmə imkanı yarada bilən
platformadır.


Azərbaycanın bu forumda iştirakını yüksək qiymətləndirirəm.
Hər il cənab prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın nümayəndə heyəti
bu forumda iştirak edir. Əvvəlki təcrübələrdən, bu gün Azərbaycanın qarşısında
duran çağırışlardan, prezidentin sonuncu dünyada gedən proseslərlə bağlı diqqətini
nəzərə alaraq belə ehtimal etmək olar ki, daha çox qeyri neft sektoruna geniş yer
ayrılacaq. Belə ki, daha çox belə şirkətlərlə Azərbaycanda iş yerlərinin
açılması ilə bağlı müxtəlif diskussiyalar və ya görüşlər ola bilər.


Son günlərdə açıqlanan yol xəritələrinin işlənməsində
Amerika şirkəti iştirak edib. Dünən İlham Əliyevin həmin şirkətin rəhbəri ilə
görüşməsi də ona işarə edir ki, Azərbaycan ciddi islahatlar aparmaq niyyətindədir.
Mən bu işdə hökumətə və dövlət başçısına uğurlar arzu edirəm”.


İqtisadçı bildirib ki, bu ilki forumda kasıb ölkələrə
yardımların edilməsi məsələsi də gündəmdə olacaq:
"Əslində dünyada gedən
proseslər onu göstərir ki, dünyanın 8 ən böyük şirkətinin sahiblərinin məvacibləri
dünya əhalisinin gəlirlərinin təqribən 50 faizindən çoxunun gəlirləri ilə bərabərlik
təşkil edir. Burda söhbət Amerika şirkəti "Facebook” və digər bu tipli
informasiya texnologiyaları sahəsində çalışan şirkətlərdən gedir.


Müxtəlif ictimai rəyə təsir edən biləcək qurumların
onlara ünvanladığı Davos forumu ərəfəsindəki məktublar, gündəmə gətirdikləri məsələlər
ondan ibarətdir ki, dünyada obyektiv səbəbdən aclıq, səfalət var. Dünya əhalisinin
təqribən 50 faizinin gəlirləri 8 şirkət rəhbərinin gəlirləri ilə müqayisə
edilir.


Düzdür, o şirkətlərin sahibləri Afrika daxil
olmaqla, Avropa ölkələrinə müxtəlif yardımlar edirlər. Tibb və digər sahələrdə
müasir texnologiyaların alınması üçün vəsaitlər verir. Amma qütbləşmə davam
edir. Bu davam etdikcə dünyanın problemləri arta bilər. Bütün iqtisadi müharibələrin
hamısı ondan qaynaqlanır.


Bu adamlara mesajlar verilir ki, daha çox kasıb ölkələrə
diqqət etsinlər. İqtisadiyyatın dirçəlməsində kömək etsinlər. Forum çərçivəsində
bu mesajlar olacaq”.


Nazim Bəydəmirli vurğulayıb ki, bu il əvvəlki illərdən
fərqli olaraq yeni texnologiyaların inkişaf perspektivləri məsələsi forumda
müzakirəyə çıxarılacaq:
"Bu cür platformalarda 3 və ya 5 il bundan qabaq daha
çox enerji daşıyıcıları aparıcı rol oynayırdı. Amma artıq bu forumlarda əsas
olaraq yeni texnologiyaların inkişaf perspektivləri müzakirəyə çevrilib.
Alternativ enerjinin artırılması, ekologiyanın qorunması ilə bağlı bütün hallar
onu göstərir ki, bu forumda aktual olan mövzular ekoloji problemlər,
informasiya texnologiyaları və iqtisadi qütbləşmənin qarşısını almaq üçün atılmalı
olan addımlar olacaq.



Eyni zamanda Ukrayna məsələsi, Rusiyaya qarşı olan
sanksiyalar bu forumun gündəmini zəbt edəcək.

Bu forumda Rusiyanın qonşulara qarşı apardığı təcavüzkar
siyasəti ilə bağlı iqtisadi dünya güclərinin Rusiyaya qarşı olan reaksiyasını
bir daha görəcəyik. Bu, gündəmdə olan əsas məsələlərdən biridir”.


Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər