Ru
13:51 / 22 Fevral 2017

Azərbaycanda necə xoşbəxt olmaq olar? - Bədbinlikdən xilas olmağın yolları...

13530

Professor Niyazi Mehdi ölkədə bədbinlikdən
qurtuluşun yollarını açıqlayır…

Bu gün Azərbaycan mediasında baş alıb gedən intihar
xəbərləri yenidən «xoşbəxtlik nədədir», «xoşbəxtliyə necə çatmaq olar»
sorularını önə çıxarır. Əslində, elə də düz demədim. Bu sorular həmişə öndə
olub.


"Xoşbəxt/bədbəxt” sözlərinin hərfi anlamları hər iki
kəlmədə insanın iradəsindən asılı olmayan, Allahdan və ya fələklərdən (yəni göy
qatlarının fırlanması ilə gələn zamandan) asılı olan bəxt məqamları ilə
bağlıdır: insana pis olanları verən bəxt bədbəxtlik gətirir, yaxşı olan bəxt isə
xoşbəxtlik bəxş edir. Və ya bunu belə deyək, pis də, yaxşı da insanın bəxtindən
asılıdır.



Dilimizdə səadəti və səadətsizliyi bildirən sözlərin
«bəxtlə» bağlanılması sanki insanı talenin oyuncağı edir və bununla da onun həyatı
qarşısında məsuliyyətini sıfıra endirir. "Mənim bəxtim belədir”, "mənim bəxtimə…”
deyib, özünü söymək heç də bütün uluslarda yayılmayıb. Bircə yadıma düşür ki, əski
yunanlar hər yeri və hətta tanrıları da idarə edən taleyə qəzəb püskürürdülər –
valeh olmaqla birlikdə.


Ancaq xoşbəxtlikdəki bəxt məsələsinin insanın iradəsindən
səadəti almasına yunan fəlsəfəsi əskidən qarşı çıxaraq, ona «necə mutlu olmaq»
yönündə türlü instruksiyalar vermişdi. Sokratın davamçıları vardı, kiniklər, onlar öyrədirdilər ki, insan ağır
yaşam tərzinə dözümlü olanda, sadə həyat yaşayanda özünü bədbəxt bilmək
azarından qurtulur. Misal kimi çəlləkdə yaşayan Dioqeni göstərmək olar. O, çəlləkdə
yaşayanda özünü bədbəxt bilməməyin örnəyini göstərirdi. Yunanların ünlü
filosofu vardı, Epikür. Onun fəlsəfəsi «çörək və su» metaforası ilə
bildirilirdi. Epikür nə deyirdi? Ağıllı adama çörək və su bəs edər ki, onların
üstündə mutluluğunu qursun.



Sözsüz, bizim nazirlər və televiziyalar Epikürü örnək
gətirib, desələr ki, çörəyiniz və suyunuz var, xoşbəxt olun, bu, sosial
partlayışa gətirə bilər. Çünki o nazirlərin və o televiziyaların reputasiyası
elədir ki, insanlara belə söz deməyə, sadəcə, mənəvi ixtiyarları yoxdur. Ancaq
bu sözləri mənəviyyat ərənləri olan sufi kimi müdriklər deyəndə, başqa cür
qavranılar. Adamlar etiraf edərlər ki, azla yetərlənməyin özü də bir ağıllı mənəviyyatdır.
Hətta sənətdə, memarlıqda «minimalizm» deyilən cərəyan da var ki, yüksək əsəri
zəngin detallar əsasında yox, az cizgilər əsasında yaradır.


Bu yerdə ara verib deyim: çağımızda ağır həyatdan bədbəxt
olub özünə qəsd etmək istəyən adamların sayının artdığı bir vəziyyətdə onlara
xoşbəxt olmağın yolunu göstərmək mənim gücüm çatası iş deyil, çatsaydı, birinci
özümü permanent, yəni aramsız mutluluğa tutardım. Ancaq «Bakipost.az» saytının
xahişinə cavab olaraq yazdığım bu yazıda konu ilə bağlı düşüncə səpələntilərini,
səpgilərini etməyə mənim gücüm çatar, bunu yaxşı bacarsam, ölüm-dirim məsələsinin,
"necə yaşayım” sualının əzabını çəkən kimlərəsə hansı məqamdasa, hansı yazdığım
söz, cümlə isə qurtuluş təkanını verə bilər.



Beləcə, buddistlərdən tutmuş, əski yunanlaracan,
xristian zahidlərindən tutmuş sufilərəcən neçə-neçə mənəviyyat, düşüncə ərənləri
insana ağır yaşamda nicat yolunu göstərən deyimlər vermişlər. Çağdaş Azərbaycan
insanı bu inciləri bilsə, yaxşı olar. Məsələn, Budda deyirdi ki, bütün mənəvi əzabların,
bədbəxtçiliyin səbəbi insanın nələrəsə bağlanmasıdır. Örnəyin, sən sevirsən, yəni
sevginlə bağlanırsan, sevdiyini itirəndə əzab çəkirsən. Ona görə də bağlanma ki
əzab da çəkməyəsən. Sufilərin pəhrizi (pərhizi) isə dünyaya minimalizm prinsipi
ilə yanaşıb ondan çox şey istəməməkdir: başqalarından heç nə götürmə, ancaq
başqalarına hər yaxşılığı ver.


Sözsüz, ölkədəki ağır maliyyə durumuna görə birinci
siyasi və iqtisadi elita sorumludur. Daha sonra milli mentalitet, xasiyyət,
daha sonra neftin qiyməti və s. Ancaq insanlar bütün bu problemlərə rəğmən bədbəxtlik,
küskünlük, bədbinlik duyğularından özlərini sağaltmağın "texnikasını” mənimsəməlidirlər.
Birincisi, bizim adamlar psixolojinin "daralmış qavrayış effektini” bilməlidir.
İnsan ağır psixi duruma düşəndə qavrayış daralır. Bizdə deyim var: dünya mənə dər
gəldi. Yaxınını itirmiş adama elə gəlir ki, daha heç nə onu sevindirməyəcək. Bu
zaman fantaziyasını işə salıb qavrayışını genişləndirsə, yəni gözünün qabağına
gətirsə ki, bu yaxınının balaları böyüyəcək, əla gənclər olacaq və onların
toyunda oynayıb sevinəcək, ümidsizlikdən çıxar.


 

"Allahu-əkbər” - islam fanatiklərinin
terror eyləmlərində "sevə-sevə işlədib” uyqar dünyanın gözündən saldığı bu uca
dini düstur, yəni "Allah nə varsa, hamısından böyükdür” formulası, əslində,
daralmış qavrayışdan insanı qurtarmaq üçün verilmiş kəlamdır.


İnsanı nə bədbin edir? Yaşamını özündən yuxarıda
yaşayanlarla tutuşdurmaq. Ona görə də alternativ deyim var: heç vaxt həyatını
daha yaxşı yaşayanlarla tutuşdurub əzab çəkmə, daha pis yaşayanlarla tutuşdurub
«şükür» eylə.


Media qan, savaş, xəyanət, didişmə olaylarına daha
çox tamarzıdır. Çünki bununla daha asanca çoxlu tamaşaçı və oxucuları özünə cəlb
edə bilir. Həm də adamları mutlu edən səhnələr yaratmaq çox çətindir. Bizdə
bunu etmək istəyəndə cansıxıcı propaqanda alınır. Ancaq nə gözəl olardı bizim
camaatı mutlu edən «nağılları», sevgi macəralarını, tarixi olayları göstərməyi
bacaran media olsaydı! Nə Azərbaycan mediası, nə Azərbaycan sənəti, nə Azərbaycan
elmi hələ ki bu həsrətə cavab verə bilmir. Heç bu həsrətə bizdəki İslam fikri də
yetərinccə cavab verə bilmir.


Professor Niyazi Mehdi Bakı Post üçün

Azərbaycanda necə xoşbəxt olmaq olar? -  Bədbinlikdən xilas olmağın yolları...
Azərbaycanda necə xoşbəxt olmaq olar? -  Bədbinlikdən xilas olmağın yolları...
Azərbaycanda necə xoşbəxt olmaq olar? -  Bədbinlikdən xilas olmağın yolları...
Azərbaycanda necə xoşbəxt olmaq olar? -  Bədbinlikdən xilas olmağın yolları...
Azərbaycanda necə xoşbəxt olmaq olar? -  Bədbinlikdən xilas olmağın yolları...
Azərbaycanda necə xoşbəxt olmaq olar? -  Bədbinlikdən xilas olmağın yolları...
Şərhlər
  • Şhabanova Zarina

    Tükr sözlər heç uyğun gəlmir mətnə

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər