Ru
12:54 / 27 Aprel 2017

“Azərbaycanda intihar ənənəsi yarana bilər” - Şahbaz Xuduoğlu/ MÜSAHİBƏ

2517


"İNTİHARIN ROMANTİKASI ELƏ SEVGİNİN ROMANTİKASI QƏDƏRDİR"

 

"MƏNİ OĞLUMLA BİRLİKDƏ GECƏ 4-Ə KİMİ POLİSDƏ SAXLADILAR" 

 

 

BakiPost.az  "Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun "Medya.az” saytına müsahibəsini təqdim edir: 

 

- Siz "Qanun” nəşriyyatı  olaraq həftə sonları Bakıda kitab yarmarkalarına başlamısınız. İndiyə qədər Bakıdan başqa  hansı şəhərlərdə kitab yarmarkaları təşkil etmisiniz?

 

- Bir dəfə Gəncədə cəhd etmişik. Bunun üçün məktubla müraciət etmişdik. Gəncə icra hakimi bizə demişdi ki, gəlin kömək edək keçirərsiz. Biz Gəncənin mərkəzində yarmarkanı keçirməyi nəzərdə tutmuşduq. Dedilər ki, mərkəzdə olmaz. Bizə yeni salınmış Heydər Əliyev parkını  təklif etdilər. Orada da şərait yox idi. Birincisi park yeni idi, ikincisi də orada adam yox idi. Təsəvvür edin ki, Bakıda kənar bir yerdə, "Bayraq meydanı”nda yarmarka keçirmək kimi bir şeydi. O ərazidə yarmarka keçirilməsi kimə lazımdır? Nəqliyyatdan uzaq, insanlara uzaq. Ona görə də, biz o qədər xərc çəkməyimizə baxmayaraq (maşınlar, qalmaq üçün ev kirayələnmişdi, bir çox ödənişlər olmuşdu) şərait olmadığına görə yarmarkanı keçirməyib geri gəlmişik. Bundan başqa müraciət etməyimizə baxmayaraq bizi dəvət edən rayon olmayıb. Dəvət olmadan da getmək mümkün deyil. Biz gedib hər hansısa rayonda, yarmarka eləməyə cəhd göstərsək dərhal polislər gələcək ki, kimdən icazə almısız? Ona görə də mütləq dəvət və icazə olmalıdır. Sonra bu işlər görülməlidir.


- Nəşriyyat 1992-ci ildən açılıb və 25 ildir ki fəaliyyət göstərir. Bu illər ərzində kitab nəşrində və satışında hansı yeniliklər olub?

 

- O vaxt 92-ci illərdəki tirajlar fərqli idi. 98-ci ildən zəifləmə baş verdi. 90-cı illərin əvvəllərində latın qrafikasına keçidlə bağlı qərar qəbul olundu. 1998-ci ildən bütün yazı işləri latın qrafikasına keçdi. Kitablar, qəzetlər latın əlifbasıyla çıxmağa başladı və oxucu faizi xeyli dərəcədə aşağı düşdü. Bu zaman kitab mağazaları da məcbur olub öz profillərini dəyişdilər. Kitab dükanlarının çoxusu bağlandı. Bakıda 200-ə qədər kitab dükanı var idi. Demək olar hamısı fəaliyyətini dayandırdı. Həmin "keçid”dən cəmi 3 kitab dükanı sağ çıxdı.

 

"Qanunun gətirdiyi yeniliklərdən biri də kitab üzləriylə bağlıdır”

 

Ümumiyyətlə,  kitab nəşrində ciddi dəyişikliklər yalnız beynəlxalq tədbirlərdən sonra baş verib. Belə tədbirlərdə iştirak edərək kitabların nəşrini, yayımını və satışını necə təşkil etdiklərini müşahidə etmişəm. Eyni şeyləri gəlib burada tətbiq etməyə çalışmışam və uğurlu olub. İndi Qanunun gördüyü işlərin heç biri təsadüfi deyil, mütləq hansısa gerçək və uğurlu praktikaya söykənir. Qanunun gətirdiyi yeniliklərdən biri də kitab üzləriylə bağlıdır. Mən həmişə deyirdim ki, bizim bu faciəvi kitab qapaqlarını yığışdırmaq lazımdır. Kitabın üzündən köləlik, əyalət izləri görünürdü. Moskvada gedirsən kitablar adamın üzünə gülür, Azərbaycana gəlib görürsən ki, bu əyalət qapağıdır. Mən dizaynerlərlə danışırdım və dərhal üz qapaqlarını dəyişirdik. Kitabın sarı kağıza keçməsi, arxasında qiymətinin yazılması da yeniliklərdəndir. Əvvəllər kitab qiymətsiz çap olunurdu və hər kəs öz istədiyi qiymətə satırdı. Amma biz ilk dəfə olaraq qiymət siyasəti gətirdik və konkret olaraq hər bir kitabın arxasına qiymət yazdıq. Qanun bu yenilikləri gətirdi və digər nəşriyyatlar da bundan faydalandılar. Bu çox müsbət bir haldır.  

 

- Bəs bu illər ərzində Qanun nəşriyyatı neçə kitab nəşr edib?

 

- Təqribən biz bu vaxta qədər 6000-ə yaxın kitab nəşr etmişik.

 

- Tirajı bitən və takrar çap olunan kitablar varmı?

 

- Əlbəttə. İndi fəaliyyətimizin 10%-i bitən kitabları təkrar nəşr etməkdən ibarətdir. Bir vaxtlar 300, 400, 500 tirajla çap edirdik. İndi nisbətən tiraj qalxıb 1000 tirajla çap edirik. Bu tirajların qalxmasının səbəbi də belə yarmarkaların keçirilməsi, şəhərdə kitab dükanlarının sayının artmasıdır. Amma 9 milyonluq ölkə üçün min, iki min tiraj da çox balaca rəqəmdir.

 

  "Bu cəhətlər bizi kitabxanalarla əməkdaşlıq etməkdən soyudur”

 

- Bəs dövlət kitabxanaları ilə əməkdaşlıq edirsiniz?

 

- Mən Milli kitabxanaya həddindən artıq böyük mədəniyyət ocağı kimi baxıram və çalışıram ki, daima orada kitablarımız olsun. Biz çox sayda göndərə bilməsək də,  bir nüsxə Milli kitabxanaya göndəririk. Bir çox kitabxanalar var ki, onların hamısına göndərə bilmirik. Amma Milli kitabxananın bizimlə əməkdaşlıq istəyi demək olar ki, yoxdur. Milli kitabxana dünyanın müxtəlif ölkələrindən ingiliscə, fransızca, almanca kitablar alır. Amma gəlib Azərbaycana çatanda bizdən bu vaxta qədər bir dənə də kitab almayıb. Bu cəhətlər bizi onlarla əməkdaşlıq etməkdən soyudur.

 

 

"Biz yarmarkalara çıxanda məqsədimiz kitab satmaq yox, kitabları tanıtmaq olur”

 

 


 

- İnsanın sevmədiyi işlə məşğul olması çətindir. Naşirlik işini sevdiyiniz üçün görürsünüz yoxsa bunu bir vəzifə, fədakarlıq kimi qəbul edirsiniz?

 

- Əgər mən bir işi görürəmsə birinci o işə mənim sevgim olmalıdır, ikinci o iş məni dolandırmalıdır. Mənim və ailəmin ehtiyaclarını qarşılamalıdır. İstənilən sahədə fəaliyyət göstərsən də bu belədir. Fədakarlıqdan daha çox sevgiylə, zəhmətlə, təslim olmadan çalışdığımz iş bizə uğur gətirəcək. Yetər ki, sən o işdən iki əlli yapışasan. Mən bir kitabın insan həyatına təsirinin dərəcisini bilmədən o kitab haqqında oxuculara heç nə deyə bilmərəm. Biz yarmarkalara çıxanda məqsədimiz kitab satmaq yox, kitabları tanıtmaq olur. Buna görə də mən tez-tez yazıçı, jurnalist dostlarımı və danışmaq qabiliyyəti olan adamları yarmarkalara dəvət edirəm ki, gəlin yarım saat burda dayanın, yaxınlaşan adamlarla söhbət edin. Onlara öz oxuduğunuz kitabları təklif edin. Çünki kitab haqqında söhbət edəndə dinləyən adam onu almasa belə həmin kitab haqqında onun təsəvvürü yaranır və sabah o da fikirlərini başqalarıyla paylaşır. Əlbəttə ki, bu işdə sevgi olmasa adam səhərdən axşama qədər masa arxasında dayanıb kitablar haqqında danışa bilməz. Burada sevgi mütləqdir.

 

- Fəaliyyətiniz ərzində yaranan problemlərdən yorulduğunuz anlar olurmu?

 

- Məsələ burasındadır ki, mədəniyyət sahəsində çalışan bütün insanların çox ciddi problemləri var. O cümlədən də, nəşriyyat sahəsində. Teatrın da, kinonun da, təhsilin də problemi var. Problemlər çox ciddidir. Bu problemləri həll etmək boynumuza düşüb. Hərə öz sahəsində bu problemləri həll etməlidir. Mən çalışıram ki, kitab sahəsində vəziyyəti dəyişim. Az-az gedir, amma vəziyyət dəyişir və mən bunun nəticəsini görürəm. Artıq Azərbaycan oxucusu 5 il əvvəlki oxucu deyil. Bu gün başqa bir oxucu var. Onlar daim yeni kitabları izləyir, alır, oxuyur, fikir paylaşırlar. Hətta sosial şəbəkələrdə əvvəlki yazı forması yoxdur. Fərqli bir ünsiyyət var. Bunlar hamısı kitabla bağlıdır.

 

"Bu, bizim həyatımızın mənasıdır”

 

Təbii istənilən sahədə çalışan insanda ruhdan düşmək məsələsi olur. Amma tamamən geri çəkilib, daha mən bu işlə məşğul olmaram demək doğru deyil. Bu, bizim həyatımızın mənasıdır, tərkib hissəsidir. Bundan imtina etmək mümkün deyil. Nə qədər ki, pis-yaxşı azca da olsa imkan varsa biz bundan istifadə edib kitab nəşrinə davam edəcəyik.

 

 

"Amerika həm də öz haqqı uğrunda mübarizə edənlərin ölkəsidir”

 

 

- Sizin tərcümə etdiyiniz Sergey Dovlatovun "Əcnəbi qadın” kitabında belə bir fikir var: "Amerika güclüləri, cazibədar və hayasızları sevir. Bura işgüzar, məqsədyönlü adamların ölkəsidir. Amerikada yalnız özünə güvənə bilərsən.” Bəs sizcə Azərbaycan kimlərin ölkəsidir? Azərbaycanda insan kimə güvənə bilər?

 

- Mən Amerikada olmuşam. Oradan gələndən sonra dedim ki, bir nəfər istəsə Amerika prezidentini devirə bilər, amma bütün Amerika xalqı istəsə onu devirə bilməz. O mənada ki, bir nəfərin hüquqları prezidentin hüquqlarını arxada qoyur. Biz senatorla görüşürdük, ona səs vermiş insanların siyahısı onun gözünün önündədir. Əgər ona səs vermiş insanlardan hər hansısa biri ona müraciət edirsə, mütləq o adamı dinləmək və problemini həll etmək məcburiyyətindədir. Amerika həm də öz haqqı uğrunda mübarizə edənlərin ölkəsidir.

 

 

 "Mən razı olmaq istəyirəm”

 

 

Bizim ölkəmiz isə haqqı və mübarizə etməyə gücü olmayan məzlumların ölkəsidir. Məhkəmədə özünü ifadə edə bilmirsən, hüquqi baxımdan güclü mövqeyin olsa belə, vəzifəcə arxanda dayanan yoxdursa sən uduzacaqsan. Təəssüf ki, bu az qala stereotip halını alıb. Biz danışanda daima polisi, prokurorluğu, məhkəməni, səhiyyəni, təhsili pisləyirik. Daim pisləyən tərəf mövqeyindəyik və bu pisləmək özü də pisdir. Biz ona görə kitabı həyatımızın mərkəzinə çəkmək istəyirik ki, insanlar özlərinə güvənsinlər. Kitab əslində özünə qayıdışdır, özünə güvəndir, özünü təsdiq yoludur. Azərbaycanda indi-indi bacarıqlı olan adamlar axtarılır və onlara üstünlük verilir. Mən istəmirəm ki, daim narazı olum. Mən razı olmaq istəyirəm,  xəstəni sevən, ona yardım etmək istəyən həkimin ölkəsində yaşamaq istəyirəm. Mən vicdanlı, 8 uşaq arxasında özü irəlidə qarın içində şagirdlərini məktəbə aparan müəllimin ölkəsində yaşamaq istəyirəm. Bu halların azlıqda deyil çoxluqda olmasını istəyirəm. Təəssüf ki, bizdə yaxşılar, yaxşılıqlar azlıqda, pislər, pisliklər çoxluqdadır.

 

 

 "Onun intiharı elə bil ki, məni göydən yerə vurdu”

 

 

- Keçən il 800-ə yaxın intihara cəhd olub və bunlardan 327-si ölümlə nəticələnib. 2017-ci il başlayandan etibarən demək olar ki, hər gün intihar xəbərləri oxuyuruq. Bunların içində gənclər də çoxluq təşkil edir. Cəmiyyətdə sanki bir "Verter effekti” yaranıb. İnsanlar tezliklə ümidsizliyə, bədbinliyə qapılır və çıxış yolunu intiharda görürlər. Hər şeyə rəğmən iradəli olmağı bacaran insanlar da var. Ən yaxın dostunuzu, həyat yoldaşınızı itirən və işlərinizdə bir çox problemlərlə qarşılaşan biri olaraq çıxış yolunu nədə görürsünüz?

 

 – (Susur) Mövludun intiharı elə bil ki, məni göydən yerə vurdu. Bir anlığa sanki dərim bədənimdən ayrıldı, bir dalğa keçdi. Bir müddət Mövludla bağlı heç nə oxumadım. Mən Mövludu çox işıqlı və yaxşı bir gənc kimi tanıyırdım. Doğrudan şirin, ləzzətli, dadlı-duzlu qələmi olan bir adam idi. Dəfələrlə onu görəndə demişdim ki, kitabını hazırla gətir nəşr edim. Yarmarkalara gələn, daim kitaba dəstək verən, sadə adamların yanında olan, öz həyatını onlarla paylaşan bir adam idi. Onun intiharı cəmiyyət üçün çox ciddi bir mesaj idi.

 

"İntiharın romantikası sevgi romantikası qədərdir”

 

Əslində ən cəzb edici hadisələrdən biri də intihardır. İntiharın romantikası sevgi romantikası qədərdir. Sevgi romantikası gecə-gündüz səni öz ağuşuna alıb idarə etdiyi kimi, intiharın da romantikası var. Bütün cəmiyyətlərdə bu "dalğa” olur. Mən Mövluddan sonra belə başa düşdüm ki, Azərbaycanda heç də yaxşı olmayan ənənə başlaya bilər. Bu hadisədən sonra Mövluddan həyatı boyu yazılmadığı qədər yazıldı. İnsanlar ona olan sevgisini, münasibətini açıq ifadə etməyə başladılar. Bu digərləri üçün cəlb edici görünə və bəzi insanlar üçün yaxşı olmayan bir örnək halını alar, intihara meyil yarada bilər. Əlbəttə ki, mən hər şeyi işə bağlayıram. Hamının ağrıları var. Məsələn, ağrı sanki əliylə sənin boğazından tutub günlərlə sıxır və nəfəsin kəsilir. Bunu necə adlamaq olar? İlk olaraq, mütləq işləməlisən, boş qalmamalısan. Daha sonra ağlını böyütməklə, yəni kitab oxumaqla, intellektual işlərlə məşğul olmalısan. Eyni zamanda müəyyən bir idmanla məşğul olmalısan. Peşəkar olmasa da ən azı gündə bir dəfə bədənini dinləməlisən. Bədən üzvlərini hiss etməlisən. Mən öz təcrübəmdən belə görmüşəm. Belə halların bir xilaskarı da əlbəttə ki, mədəniyyətdir. Həyatında mədəniyyətə daha çox yer ayırmalısan. Kino, teatr, mütaliə, yazı, səyahətlə ruhunu dinləndirməlisən.

 

- Bu günlərdə Tbilisi  metrosunda aksiya keçirərək sərnişinlərə sürpriz etmişdilər. Oturacaqlara bağlamada hədiyyə kitablar qoymuşdular. Bakı metrosunda necə, belə aksiya keçirmək olar?

 

- İndi Bakıda kitablarla bağlı əslində bütün aksiyalar qəbul olunandır. Biz metrolarda, ticarət mərkəzlərində, küçələrdə "kitab oxu!” flaşmobları keçirmişik. Yəni məncə kitabla bağlı keçirilən aksiyalarda heç bir maneə olmur. Bütün hallarda bu alqışlanmalı haldır, amma biz bir təşkilat olaraq bu işlərlə çox məşğul ola bilmirik. Çünki biz daimi axtarışdayıq, yeni kitablar tapırıq, tərcümə və nəşr edirik. Ümumi respublika səviyyəsində kitab problemiylə məşğul olmaq ayrı sahədir. Bununla məşğul olan başqa qurumlar var ki, gərək onlar məşğul olsunlar.

 

- Sizin bloqunuzda hədiyyə etməklə bağlı belə bir cümləyə rast gəldim: "Kitab elə bir hədiyyədir ki, onu təkrar-təkrar aça bilirsən.” Siz kitab hədiyyə edərkən nəyə diqqət edirsiz? Adətən eyni kitablar olur yoxsa hər kəsin xarakterinə uyğun?  

 

- Məsələn, 13-14 yaşlı məktəbli bir qız varsa mən istəyirəm ki, o Sofinin dünyasını oxusun, yeniyetmə, bir az daha böyük, universitetdə oxuyan qızlar varsa onların qadınlara aid olan Ceyn Eyr, Madam Bovari, Anna Karenina kimi əsərləri oxumasını istəyirəm. Yarmarkalarda görəndə ki, kitab seçimində tərəddüd edir, ona özünü anlamaq üçün kitablar təklif edirəm ki, ilk öncə nə istədiyini başa düşsün. Əlbəttə kitab hədiyyə etməyi çox sevirəm və bunu hamıya tövsiyə edirəm. Müəyyən adamlar var ki, onlar uşaqları üçün bayram və ad günlərinə hədiyyə kitablar alırlar. Bəzən də baba nəvəsini yarmarkaya gətirib ona kitab hədiyyə edir. Bunlar hamısı xoş xatirələrdir. Çalışmışıq ki şəkillərini də çəkib onlara göndərək. Kitabın tez bir zamanda həyatımızdan çıxmaması üçün ətrafında maraqlı hadisələr olmalıdır. Bu mənada çalışırıq ki, yalnız özümüz yox, digərləri də kitab hədiyyə edə bilsin.


- Bəs sizə tez-tez kitab hədiyyə edilir?

 

- Dünən mənə ingilis dilində Molla Nəsrəddin kitabını hədiyyə ediblər. Sonra tez-tez xarici nəşriyyatlar mənə hədiyyə kitablar göndərir. Mən də başqa ölkələrə kitablarımızı göndərirəm. Kolleksionerlar var ki, hansısa yazıçının bütün dillərdəki əsərlərini yığır. Mənə yazanda mütləq onlara kitab göndərirəm.

 

 

"Mən həmişə çalışmışam ki, hər kitab bir xəbər kimi olsun”

 

- Bildiyim qədərilə siz bu  fəaliyyətinizlə yanaşı jurnalistikayla da məşğul olmusuz. Şahbaz Xuduoğlu naşirliyi yoxsa jurnalistikanı özünə daha yaxın hiss edir?

  

- Jurnalistikada bizim ilkin hazırladığımız, görmək istədiyimiz: tərəfsiz, azad, maliyyəsi özü-özündən gələn, cəmiyyətə söykənən, sadə adamların marağını imkanlı adamların marağından üstün tutan meyarlar qüvvədə olmuş olsaydı, jurnalistikanı əvəz edə biləcək ikinci bir yaxşı  peşə yoxdur. Amma indi təəssüf ki, bir az fərqli dövrdəyik. Məncə jurnalistikanın ən dərin və geniş sahəsi elə kitabçılıqdır. Daha təfərrüatlı, daha geniş, daha dərin, daha təhlilli bir formasıdır. Mən həmişə çalışmışam ki, hər kitab bir xəbər kimi olsun. Necə ki, mətbuat yeni xəbər tapır, kitab da mütləq yeni xəbər gətirməlidir. Yeni xəbəri gözlədiyimiz kimi, hər gün yeni bir kitab gözləməliyik. O yeni bir xəbər kimi gəlib həyatımıza daxil olmalıdır.

 

 

"Həmin gün bizi gecə saat 4-ə kimi polis məntəqəsində saxladılar”

 

- Naşir kimi fəaliyyət göstərdiyiniz illər ərzində sizə təsir edən, ən yadda qalan hadisə nə olub?

 

- Bu tip hadisələr çoxdur. Məsələn, "X5″-dən düşən bir xanım kitabı götürüb arxasında 3 manat yazıldığını görəndə dedi ki, "bu kitab nə bahadır?”. Bahalı, 60-70 minlik bir maşından düşür amma 3 manatlıq kitaba çatanda deyir ki, "nə bahadır?” Əvvəllər bu cür hadisələri özüm üçün qeyd edirdim. Son vaxtlar artıq yazmıram. İndi dəqiq yadıma sala bilməsəm də belə xatirələr çoxdur.

 

Bir dəfə də "Zabitlər parkında” yarmarka keçirirdik. Polislər gəlib kitabları dağıtdılar, sonra mən gəldim. O zaman oğlum da  orada kitab satırdı. Həmin gün bizi gecə saat 4-ə kimi polis məntəqəsində saxladılar. Ona görə ki, sadəcə olaraq biz kitab yarmarkası təşkil etmişdik. Bu işin çox çətin tərəfləri olub. İndi də var, amma indi daha fərqli bir münasibət görürəm. Polislərdən, icra hakimiyyətindən fərqli münasibət görürəm. Bu artıq müəyyən dərəcədə qələbədir.

 
Söhbətləşdi: Sərxan Rüstəmov “Azərbaycanda intihar ənənəsi yarana bilər” -  Şahbaz Xuduoğlu/ MÜSAHİBƏ
“Azərbaycanda intihar ənənəsi yarana bilər” -  Şahbaz Xuduoğlu/ MÜSAHİBƏ
“Azərbaycanda intihar ənənəsi yarana bilər” -  Şahbaz Xuduoğlu/ MÜSAHİBƏ
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər