Ru
18:32 / 27 İyun 2018

Azərbaycan ordusunun 100 illiyi və hərbi parad dünya mətbuatında - FOTOLAR

6311
Dünən Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü təntənəli şəkildə qeyd olundu. Bu müdhiş gün paytaxtda Quru Qoşunları, həmçinin hava və dəniz qüvvələrinin iştirak etdiyi təntənəli hərbi parad təşkil edildi.


Azərbaycan ordusunun 100 illiyi dünya mətbuatında da geniş işıqlandırılıb.


BakuPost xəbər verir ki, İsrailin "The Jerusalem Post” nəşri yazır: 


Bu il Şərqin ən güclü ordularından birinin – Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümüdür. Müasir Azərbaycan ordusunun tarixi XX əsrin əvvəllərinə, yəni Azərbaycan Xalq Cümhuriyyətinə qədər uzanır. 19-cu əsrdə, həmçinin 20-ci əsrin əvvəllərində Azərbaycan xalqını təmsil etmiş onlarla məşhur hərbi lider olub. Azərbaycan Milli Ordusunun yaradılması təklifi çar Rusiyası dağıldıqdan bir müddət sonra – 1917-ci ilin mayında Qafqaz müsəlmanlarının qurultayında irəli sürülüb. Qurultay müsəlman alaylarının formalaşdırılmasına başlamaq məqsədilə xüsusi büronun yaradılmasına qərar verib. Milli Ordunun yaradılması məsələsi qısa müddətdən sonra – həmin ilin oktyabrında Musavat Partiyasının birinci qurultayında da müzakirə olunub.


Nəhayət, 1917-ci ilin noyabrında Cənubi Qafqaz respublikalarının komissarı Qafqazda milli hərbi korpusun yaradılması haqda qərar qəbul edir. Azərbaycan korpusunun formalaşdırılması general Əliağa Şıxlinskiyə həvalə olunur. Lakin Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycanda bu iş çox ləng gedirdi. Odur ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilən zaman ölkədə keçmiş müsəlman könüllü qruplarından ibarət olan 600 nəfərlik 1 hərbi hissə var idi. Əlbəttə ki, bu kiçik hərbi qüvvə ilə Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycan bolşeviklərinin lideri olan olan Şaumyanın (Bakı Kommunası) Gəncəyə hücumunun qarşısını almaq çətin idi. Belə vəziyyətdə Azərbaycana kömək edə biləcək yeganə ölkə Türkiyə idi. Bu məqsədlə AXC Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə hökumətinə müraciət etmişdi...

 

Baku Media Center adlı şəxsin şəkli.


Bir sözlə, müasir Azərbaycan Ordusunun tarixi AXC dövrünə təsadüf edir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri 1918-ci il iyunun 26-da yaradılıb. Ölkənin de-fakto ilk müdafiə naziri Xosrov Sultanov olub. Nazirliyin rəsmən qurulmasından sonra isə general Səməd bəy Mehmandarov nazir, general-leytenant Əliağa Şıxlinski onun müavini postunu tutub. Baş Qərargah rəisi general-mayor Həbib bəy Səlimov olub.


1919-cu ildə Azərbaycanın dövlət büdcəsinin 24%-i hərbi xərclərə ayrılmışdı. Çünki həmin il 25 min nəfərlik Milli Ordunun qurulması planlaşdırılırdı. Müdafiə naziri general Mehmandarov Nazirlər Şurasına 1919-cu il aprelin 2-də göndərdiyi məktubunda Azərbaycan xalqının məşhur hərbi tarixinə, qəhrəmanlığına əsaslanan, milli vətənpərvərlik ruhunda hərbi hazırlıq keçilməsinin əhəmiyyətini qeyd edirdi.


1919-cu ilin sonlarında Azərbaycan ordusu artıq 2 piyada və 1 süvari diviziyasından ibarət idi. Bundan əlavə, Gəncədə 2 artilleriya batareyası və yüngül silahlara malik xüsusi bölmə yaradılmışdı. Həmin dövrdə orduda 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli nəqliyyat vasitəsi və s. var idi.


1920-ci ilin əvvəlində artıq şəxsi heyətin 40 minə çatdırılması planlaşdırılır, 19-24 yaşlı gənclərin hərbi xidmətə cəlbi nəzərdə tutulurdu. Ordunu gücləndirmək üçün 5 tank, 12 hidroplan, 6 təyyarə, 9 zirehli nəqliyyat vasitəsi və s. alınması da planlaşdırılırdı.


Britaniyalı hərbi müxbir Skotlənd Lidl 1919-cu ilin sentyabrında Bakı təəssüratlarını belə qələmə almışdı: "Mənə burada xaos olduğunu demişdilər. Lakin heç bir xaos görmədim... Yol boyunca yüzlərlə gənc əsgərlə görüşdük. Artıq Azərbaycan Ordusunun əsgərləri 2 il əvvəl gördüyüm əsgərlər deyildi. Onlar hətta 1 ay əvvəlkindən belə, fərqlənirdi. Azərbaycan Ordusu sürətlə formalaşaraq lazımi səviyyəyə çatıb. Ölkə intizamsız ordunun sağ qalmayacağını anlayıb. Bu gün Azərbaycanda Rusiyada olmayan dəmir intizam hökm sürür”.

 

Baku Media Center adlı şəxsin şəkli.


General-leytenant Cavad bəy Şıxlınski, general Məhəmməd Mirzə Qacar kimi şəxslər vaxtilə Gəncədə XI Qızıl ordu ilə mübarizəyə rəhbərlik ediblər. Müdafiə naziri olmuş Xosrov bəy Sultanov, daxili işlər naziri vəzifəsini icra etmiş Behbud Cavanşir isə AXC-nin 1-ci və 2-ci hökumətində yer alıblar. Xosrov bəy Sultanov 1919-cu ildə Qarabağın qubernatoru da olub. Rəsmi araşdırmalar göstərir ki, 1920-ci ildə bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusunda xidmət etmiş 12 general, 27 polkovnik və polkovnik-leytenant, 46 kapitan və 266 zabit öldürülüb.


Nəhayət, Azərbaycanın 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə müstəqilliyini bərpa etməsindən sonra özünün Müdafiə Nazirliyini, həmin il oktyabrın 9-da isə Silahlı qüvvələri yaradıb. Azərbaycan prezidentinin 18 sentyabr 1992-ci il tarixli sərəncamı ilə 9 oktyabr Azərbaycan Silahlı Qüvvələri Günü elan edilib. Lakin sonradan prezidentin 22 may 1998-ci il tarixli sərəncamı ilə bu gün iyunun 26-na dəyişdirilib.


Müstəqilliyin ilk illərində Azərbaycan torpaqları yalnız pərakəndə könüllü dəstələri tərəfindən müdafiə olunurdu. Ölkədə fərdi maraqlara xidmət edən müxtəlif silahlı dəstələr də var idi. Bütün bunlara ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtmasından sonra son qoyulub. Silahlı Qüvvələrin Ali Baş Komandanı olan Heydar Əliyev hərbi sahənin dirçəldə bilib. Yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələr ləğv edilib, vahid komandanlıq altında nizami ordu yaradılıb. Həmin dövrdə Ali Baş Komandan döyüş bölgələrinə gedib, hərbçilərlə görüşüb. 1994-cü ilin əvvəlində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat da keçirilib...


Nəhayət, Ermənistanla Azərbaycan arasında 1994-cü il mayın 12-də atəşkəsin elan olunmasından sonra Bakı müasir nizami ordunun formalaşması prosesinə start verib.

 

Baku Media Center adlı şəxsin şəkli. 

Bu gün sabitlik və dinamik iqtisadi inkişafdan əlavə, güclü ordunun qurulması müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son 15 ildə ölkənin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordunun gücləndirilməsinə öz töhfəsini verib. Hərbi sahəyə ayrılan xərclər xeyli artırılıb. Bu da öz növbəsində, ordunun bütün istiqamətlərdə potensialının yüksəlməsilə nəticələnib. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissələri - Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi hissələri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi dövlət başçısının böyük diqqəti və qayğısı nəticəsində yüksək inkişaf mərhələsindədir. Hazırda böyük əhəmiyyətə malik olan hərbi təhsil və hərbi səhiyyə sahəsi də inkişaf edir. Erməni işğalını və davam edən müharibəni nəzərə alan Azərbaycan dövləti hərbi gücünü və hərbçilərin peşəkarlığını davamlı olaraq artırır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev müntəzəm olaraq hərbi hissələri ziyarət edir, döyüş bölgəsində xidmət edən əsgər və zabitlərlə görüşür. Bu, ordumuzu gücləndirən əsas amillərdən biridir.


Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü dərhal və təsadüfən əldə edilməyib. Son 15 il ərzində Azərbaycan rəhbərliyi bu prinsiplə hərəkət edib: iqtisadi potensial və hərbi güc hər bir ölkənin uğurunu və inkişafını müəyyən edən amillər sırasındadır. Müasir ordu müstəqilliyin möhkəmləndirilməsində və ölkənin regionda geosiyasi güc mərkəzinə çevrilməsində mühüm rol oynayır.


Prezident İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi siyasətin mahiyyətini dəqiq və düzgün ifadə edib: "...Ordumuzun inkişafına töhfə vermək üçün bütün sahələrdə səy göstərməliyik... Son illərdə logistikanın gücləndirilməsində, çox sayda texniki avadanlığın, müasir silahların alınmasında böyük işlər görülüb. Nəticədə Azərbaycan Ordusu əhəmiyyətli dərəcədə güclənib. Bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə vəziyyətindədir və buna görə ilk növbədə ordunun formalaşmasına böyük diqqət yetirilməlidir”.

 

Baku Media Center adlı şəxsin şəkli.


Əlbəttə ki, Azərbaycan öz hərbi potensialını gücləndirmək üçün sürətlə inkişaf edən iqtisadiyyatından səmərəli və düzgün istifadə etməlidir. Hətta Azərbaycanı tənqid edən qüvvələr və şəxslər belə, sabitliyin, dinamik inkişafın və güclü ordu quruculuğunun müasir Azərbaycana xas əsas xüsusiyyətlər olduğunu, bunların şəffaf şəkildə bir-birinə bağlılığını etiraf edir. Güclü iqtisadi inkişaf, gəlirlərin çoxalması illik xərclərin də artmasına aparıb çıxarır. Bu xərclər yalnız son 5 ildə 7 dəfədən çox artıb.


Lakin ordu quruculuğu istiqamətində fəaliyyət yalnız iqtisadi resurslardan istifadə ilə məhdudlaşmır. Azərbaycan davamlı olaraq ordunu gücləndirir, hərbi personalının peşəkarlığını, hərbi gücünü artırır. NATO ilə sıx və səmərəli əməkdaşlıq ordu quruculuğu prosesini sürətləndirmək, Silahlı qüvvələri modernləşdirmək və onu müasir standartlara uyğunlaşdırmaq məqsədi daşıyır. Əlbəttə ki, əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Qarabağı və düşmən ermənilərin işğal etdiyi bütün bölgələri azad etməkdir. Müşahidələr göstərir ki, Azərbaycan artıq bu işdə həlledici mərhələyə daxil olub. Artıq o, hərbi üstünlüyünü reallıqda da nümayiş etdirir.


RBC nəşri Rusiyanın aparıcı araşdırma təşkilatı olan Strategiyalar və Texnologiyalar üzrə Təhlil Mərkəzinə istinadən Azərbaycanın Ermənistan üzərindəki hərbi üstünlüyündən danışır. Hesabat müəlliflərinin sözlərinə görə, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrində xidmət edənlərin sayı 126 minə çatıb. Ermənistan ordusunda bu göstərici 45 min nəfərdir.


"Azərbaycan çox sayda müasir tank, zirehli nəqliyyat vasitəsi, hava hücumundan müdafiə sistemi, təyyarə, vertolyot, tank əleyhinə idarə olunan raketlər, artilleriya sistemləri və dronlar alıb. Aprel döyüşləri zamanı Bakının yeni silahlarından istifadə olunub”, - deyə hesabatda bildirilir.


2016-cı ilin aprel döyüşləri göstərib ki, müasir texnologiya ilə təchiz olunmuş Azərbaycan Ordusu hərbi əməliyyatlarda aşkar üstünlüyə malikdir. Ölkənin müdafiə naziri general-polkovnik Zakir Həsənovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı hərbi balans Bakının xeyrinə çox dəyişib. O, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü ərəfəsində ölkə ordusunun prioritetləri, uğurla həyata keçirilən islahatlar, əldə edilmiş uğurlar və gələcək hədəflər haqda danışıb.

 

Baku Media Center adlı şəxsin şəkli.


"2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin mayında Naxçıvanda həyata keçirilmiş əks-həmlə əməliyyatlarında qazanılmış uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut edib”, - deyə Z.Həsənov vurğulayıb.


Onun sözlərinə görə, Azərbaycan müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat vertolyotları, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alır: "Eyni zamanda, ordumuz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla da təchiz olunur. Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarımızla yanaşı, qardaş Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıqla, hərbi imkanlarımızı genişləndiririk”.

 

Baku Media Center adlı şəxsin şəkli. 


Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərpası istiqamətində beynəlxalq ictimaiyyətin səylərini bundan sonra da dəstəkləyəcək.


2015-ci ilin yanvarından Əfqanıstanda təlimlərin keçirilməsi, hərbi məsləhətlərin verilməsi, hərbi yardımın göstərilməsi və bu ölkədə terrora qarşı mübarizə məqsədilə NATO-nun rəhbərliyilə "Həlledici dəstək” adlı missiyaya başlanılıb. Ona Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı missiyasının başa çatması üzündən start verilib.


Azərbaycan sülhməramlıları da 2002-ci ilin noyabrından Əfqanıstanda xidmət aparır. Hazırda ölkənin Silahlı qüvvələrinin 120 hərbçisi "Həlledici dəstək” missiyasında iştirak edir. Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusunun Təqaüd Fonduna böyük miqdarda ianə verib. Bundan başqa, rəsmi Bakı Əfqanıstanın islahatlar yoluyla regional və qlobal iqtisadiyyata inteqrasiyasını dəstəkləyir. Azərbaycan NATO-nun Əfqanıstana qeyri-döyüş yüklərini daşıyan təyyarələrinin ölkənin hava məkanından keçməsinə və hava limanlarından istifadəsinə icazə verib. Bu gün Əfqanıstandakı NATO missiyasına göndərilən yükün təxminən 40% Bakıdan keçir.


"CNN türk” də Azərbaycan ordusunun 100 illiyi ilə bağlı yazı dərc edib. Həmin yazını təqdim edirik:


Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü paytaxt Bakının Azadlıq meydanında Quru Qoşunları, həmçinin hava və dəniz qüvvələrinin iştirak etdiyi təntənəli hərbi paradla qeyd olunub. Türkiyəni tədbirlərdə müdafiə naziri Nurettin Canikli ilə Baş Qərargah rəisi general Hulusi Akar təmsil ediblər.


Azərbaycanın müstəqillik əldə etməsindən sonra 5-ci dəfədir təşkil olunmuş parada prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Rusiya və Ukraynadan siyasi və hərbi nümayəndələr də qatılıblar. Türkiyəni tədbirdə müdafiə naziri Nurettin Canikli ilə Baş Qərargah rəisi general Hulusi Akar təmsil ediblər.

 

Baku Media Center adlı şəxsin şəkli. 


Tədbir prezident İlham Əliyevin hərbi paradda iştirak edən şəxsi heyəti salamlaması və Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. Əliyev paraddakı çıxışında ölkə torpaqlarının bir hissəsinin Ermənistanın işğalı altında olduğunu, müharibə şəraitində yaşadıqlarını xatırladıb, bu üzdən də ordunun gücləndirilməsinə xüsusi diqqət ayırdıqlarını bildirib. Bu gün əsas vəzifələrinin ölkənin ərazi bütövlüyünü təmin etmək olduğunu vurğulayan Əliyev deyib:

 

"Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan işğalla heç vaxt barışmayacaq. Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. Bu gün silahlarımızın kiçik bir hissəsi paradda nümayiş etdiriləcək. Biz bundan sonra da ən müasir silah və texnika alacağıq. Azərbaycan Ordusu düşmənin bütün hərbi obyektlərini məhv etmək gücündədir. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək”.


İlham Əliyevin nitqindən sonra Müdafiə Nazirliyinə bağlı bölüklər, beynəlxalq sülhməramlı missiyalarda xidmət edən əsgərlər, xüsusi təyinatlı qüvvələr, dəniz piyadaları, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti və  Ali Hərbi Məktəbin parad heyəti növbə ilə tribunanın qarşısından keçib. Paradda Türkiyənin Quru Qoşunlarına məxsus hərbçilər də iştirak edib.

 

Baku Media Center adlı şəxsin şəkli.


Şəxsi heyətin ardından Azərbaycan Ordusunun sahib olduğu tanklar, zirehli texnika, reaktiv sistemlər və toplar nümayiş etdirilib. Hərbi paradda Azərbaycanın ABŞ-dan aldığı "Bell 412” vertolyotları, Türkiyədən alınmış və "Roketsan”ın istehsal etdiyi "SOM B1” reaktiv qurğuları, Belarus istehsalı olan "Polonez”, İsrail istehsalı olan "Lora” uzaqmənzilli reaktiv sistemlər, həmçinin İsrail istehsalı olan "Heron TP” və "Hermes 450” pilotsuz uçuş aparatları ilk dəfə göstərilib.


Daha əvvəlki paradlarla müqayisədə daha təntənəli keçən tədbirdə ümumilikdə 4 min şəxsi heyət üzvü, 240 zirehli texnika və reaktiv mərmi sitemi, 70-dən çox hərbi təyyarə və vertolyot iştirak edib.


Azərbaycan Hərbi Hava Qüvvələri təyyarə və vertolyotlarının Bakı səmasında göstədiyi manevrlər xüsusi maraqla qarşılanıb. Vertolyotların manevrləri, havada açılan Azərbaycan bayrağı və hərbi təyyarələrin uçuş zamanı Azərbaycan bayrağının rənglərində iz buraxması vətəndaşlar tərəfindən uzun müddət alqışlanıb.

 

Tərcümə: worldmedia.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər