Ru
20:02 / 21 May 2018

- “Qartalın dimdiyi”ndə mələşən ilanlar FOTOLARDA Azərbaycan bu nöqtədən başlayır...

25673
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təbiət evimizdir” adlı layihəsi davam edir.


BakuPost xəbər verir ki, jurnalistlər bu dəfə Bakıdan 70 km uzaqlıqda Zirə kəndində yerləşən Abşeron Milli Parkında olublar. 

 



Parkın sahəsi 783 hektardır. Ərazisinə görə, Azərbaycanın ən kiçik milli parkı hesab olunur. 


Milli Park Abşeron yarımadasının cənub-şərq qurtaracağında - Şah Dili ərazisində yerləşir. Rəvayətə görə, əvvəllər bu əraziyə yüksək mənsublu şəxslər, şahlar, xanlar ova gəlirmiş. Bu səbəbdən də əraziyə Şah dili adı verilib.

 



Bura hər birimizin Azərbaycan xəritəsində gördüyü qartalın dimdiyidir. Yəni Vətən sözün hərfi mənasında buradan başlayır. 


Şah dili burnu Abşeron yarımadasının Xəzər dənizi ilə birləşən ən ucqar nöqtəsidir. 

 



Park ərazisində ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan və Xəzərin sularında suiti yaşayır.


Buranı özəl edən cəhətlərdən biri də məhz Xəzər suitisidir. Bu növ dünyanın ən kiçik suitisi kimi "Ginnes”in rekordlar kitabına daxil edilib. 

 



Ceyranlar isə əraziyə Şirvan Milli Parkından tutularaq gətirilib. 


Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə görə, Abşeronda tarixən ceyranlar mövcud olub. Lakin sonradan onların buradakı kökü kəsilib. Məhz bu səbəbdən Şirvandan ceyranlar tutularaq buraya gətirilib və xeyli artım müşahidə olunub.

 



Parkın daha bir özəlliyi isə ilanlardır. Xəzərin sularının Abşeronun başlanğıc nöqtəsini yuduğu yerdə ilanlar kök salıb. Sahil istiqaməti dayaz olduğundan ilanların qaynaşdığını gözlə görə bilərsiniz. 

 



Parkın direktoru Fərahim Hüseynov ərazi haqqında danışaraq bildirib ki, parkda 50-ə yaxın fauna, 25-ə yaxın isə flora növü var: "Parkda həmçinin, "Qırmızı kitab"a düşən 6 növ heyvan – suiti, ceyran, qutan, qu quşu, soltan toyuğu və flaminqo var. Hazırda həmin heyvanların balalama dövrü olduğundan ərazidə müşahidə etmək mümkün deyil. Çünki onlar adətən noyabr ayının sonunda gəlib mart ayında vətənlərinə qayıdırlar”.

 



ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, parka giriş böyüklər üçün 2 manat, uşaqlar üçün isə pulsuzdur. Qeyd edib ki, park prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamla yaradılıb:

 

 

 

"Park Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. Yaradılmasında məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin – bura Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək daxildir – qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir”.


Nigar Etibar

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər