Ru
17:39 / 25 May 2018

Azərbacanda yeni qurum yaradılır

2755
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.


BakuPost fərmanın mətnini təqdim edir:


1. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılsın.


2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (bundan sonra – Xidmət) Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.


3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xidmətin nizamnaməsinin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.


4. Xidmətdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:


4.1. Azərbaycan Respublikasının Prezidentinə:


4.1.1. bu Fərmanın 4.2-ci bəndində qeyd edilənlər istisna olunmaqla, "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;


4.2. Xidmətə:


4.2.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.


5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:


5.1. Xidmətin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;


5.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;


5.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;


5.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;


5.5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xidmətin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etsin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Xidmətin fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Xidmətin istifadəsinə verilməsi ilə bağlı tədbirlər görsün və bu barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;


5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.


6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər