Ru
15:43 / 28 Mart 2017

“Avtobus zolaqlarının çəkilməsi çox müsbət addımdır” - Ekspert

1391
"Bakıda avtobusların hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilməsi müsbət haldır". 


Bunu BakiPost.az-a yol və nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov zolaqların çəkilməsinə münasibət bildirərkən deyib.

 

O, avtobusların hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilməsini yüksək qiymətləndirdiyini bildirib: "Dünyanın hər yerində avtobuslar üçün bu cür zolaqlar var. Məqsəd odur ki, küçədə, prospektdə sıxlıq və ya tıxac olanda avtobus dayanmasın. Onların yolu açıq olsun. Çünki avtobuslar hərəkət intervalları ilə yol getməlidir, tıxacda dalbadal düzülməməlidir. Hər yerdə bu zolaqları çəkirlər. Çünki hərəkət gərginliyi olur. Sıxlıq yarana bilər. 


Hələlik iki yerdə bu zolaqlar çəkilib. Bu pilot layihə kimi nəzərdə tutulub. Amma gələcəkdə daha mürəkkəb şəraiti olan küçələrdə də bu sistem tətbiq olunacaq.


Ümumiyyətlə, bu zolaqların çəkilməsi bu sisteminin ən sadəsidir. Bir çox ölkələrdə daha mürəkkəb zolaqlar var. Məsələn, Qərbi Avropada və Yaponiyada olan sxemlərin hazırda bizdə tətbiq edilməsi mümkün deyil. Hesab edirəm ki, gələcəkdə bu sistem də reallaşacaq”. 


Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, ilkin olaraq 9 ünvanda - Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, Füzuli, M.Useynov, Ə.Rəcəbli, M.Əliyev və Y.Səfərov küçələrində avtobus zolaqların çəkilməsi nəzərdə tutulub: "Artıq Füzuli və Yusif Səfərov küçələrində zolaqlar çəkilib, nişanlama aparılıb. Yola 5.9 nişanı (xüsusi avtobus zolağı) qoyulub. Bu o deməkdir ki, həmin yolda xidmət edən sərnişin avtobuslarından başqa, digər nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Qaydanı pozanlar isə 40 manat cərimə olunacaqlar”.


Sevinc Yasinqızı

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər