Ru
15:29 / 21 Sentyabr 2017

- vaxtı olmayıb öz ömrünü yaşamağa... Anam

3553
                           Şahnaz Kamal


Müəllimdir. Məktəbdə uşaqlara kimya öyrədir.

 

Kənddə yaşayır. Bir inəyi var. Əvvəllər yox idi, sonradan aldırdı: "Dədənin təzyiqi var, hər dəfə qonşuya qatığa getmək olmur. Özümüzün inəyimiz olsa yaxşıdır". Baxışlarımdan nə demək istədiyimi sezdi. "Nə olsun ki 55 yaşım var və bu vaxta qədər heç inək sağmamışam. Öyrənəcəm. Dədənə lazımdır". İnəyimizin adı Hayvadır. Hər sağanda inəyi oxşayır. Hərdən sağanda eydirmə oxuyur. Nənəmdən öyrənib - qayınanasindan.


Üç yeşik arımız var. Onlara da anam qulluq edir. "Çox maraqlıdır. Arıların öz dünyası var. Mənim dünyama yaxındır. Biz dostuq. Mən onlarla söhbət edirəm, sakitləşirəm. Lap elə sancmaqları da dərmandır. Daha balını demirəm də" - deyir.


Gülləri sevir. Həyətdə çoxlu gül əkib. Onları bizi kimi oxşayır-qızları kimi. Deyəsən, ən çox sevdiyi dibçək gülü ətirşah və əmənkömənci gülüdür. Nənəm də o gülləri çox sevərmiş - anası.


Çox əziyyət çəkdiyi əllərindən və gözlərindən bilinir. Həyat onu yaşayıb. Üzünə vaxtsız, dərin qırışlar salıb. Saçı da ağarıb, çoxdan.


Onu çox istəyirəm. Boynunu qucaqlayıb ətrini ciyərimə çəkməkdən doymuram. Biz uşaq olanda kimsə deyirdi ki, guya, qoz ağacının ətri ana ətrinə oxşayır. Yalandır! Ana ətri təkrarolunmazdır.


Məni "qızılım” çağırır. O bu sözü işlədəndə özümü çox dəyərli, qiymətli hiss edirəm.


Mən onu özüm ana olandan sonra anlamağa başladım. Ancaq indi də bəzi hadisələrə verdiyi təmkinli, sakit reaksiyaya baxıb özümdən çıxanda sakitçə deyir: "Yekələnəndə məni başa düşəcən”. 


Yekələnəndə ha, 36 yaşındayam.


Gözündə dərin kədər var. Ən böyük arzularımdan biri onun gözündəki kədəri silməkdir.


"Başım sizə qarışdı, heç bilmədim bu yaşıma necə gəlib çıxdım”.

Düz deyir. Başı bizə qarışıb, atama və övladlarına. Yadından çıxıb, ya da vaxtı olmayıb öz ömrünü yaşamağa. Elə bizim ömrümüzü yaşayıb, bizim üçün yaşayıb anam.


Bu gün ad günüdür, 63 yaşı tamam olur.


Doğum günün mübarək, Ana! Səni çox istəyirəm! 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər