Ana dilimizin orfoqrafiyasını çax-çax vəziyyətinə salırsınız?

1223


Fuad İslamzadə
Tiibb universitetinin dosenti, "Azətbaycan Tibb jurnalının baş redaktor müavini

İngilis dilində olan "sycle" və "syclical" sözləri ədəbi dilimizə "dövr" və "dövri" sözləri kimi tərcümə edilir. Lakin yazı ənənələri olan bütün xalqlar kimi, xüsusən elmi ədəbiyyatımızda bu sözlərin ingilis dilindən alınaraq ana dilimizə uyğunlaşdırılmış variantlarindan istifadə etməli oluruq. Çünki kimya və tibb terminləri arasında çoxlu sayda əsasını bu sözlər təçkil edən terminlər mövcuddur.
 
2004-cü ildə çap edilmiş "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin bir nüsxəsi işıq üzü gördüyü ildən bəri yazı masamın üstündə durur. Bu kitabın 573-cü səhifəsində həmin 2 söz və onlardan düzəldilmış 19 mürəkkəb və ya düzəltmə söz vardır ki, hamısının yazılışına "S" hərfi ilə başlanılıb. Mən isə bütün bu illər ərzində həmin sözləri "tsikl" və "tsiklik" şəklində yazmışam; hətta illər üzunu həmkarlarımdan da belə yazmağı tələb etmiş, bündan ötrü dəfələrlə mübahisəyə düşsəm də, mənə lüğətin müvafiq səhifəsini göstərib, qalib ədası alan həmkarlarlmla razılaşmamışam.
 
Dünən böyük qardaşım Elçin orfoqrafiya lüğətinin 2013-cü ildə çap edilmiş variantından bir nüsxəsini mənə bağışladı və söhbət əsnasında bu kitabda nəzərə çarpan bir qüsur haqqında məlumat verdi: kitabın 6-cı səhifəsindəki ön sözün başlığında olan 2 söz (ön və söz) ayrılıqda yazılıb. Eyni sözün güya, düzgün yazılışının əks edildiyi 527-ci səhifədə isə bu sözlər bitişikdir, yəni "önsöz" şəklində. Bu uyğunsuzluqla tanış olduqdan sonra lügətdə məni maraqlandıran "tsikl" və "tsiklik" sözlərini axtardım, məlum oldu ki, bu dəfə həmin sözlər mənim düz hesab etdiyim şəkildə, yəni "T" hərfi ilə başlamaqla yazılıb və bu hərflə başlayan sözlərin siyahısında yerləşdirilib (səh.693 ). Lakin çox qəribədir ki, "S" hərfi ilə başlayan sözlərin siyahısinda ilk hissəsi "sikl"dən ibarət olan 20 mürəkkəb söz vardır (səh.607, siklobutan, siklobutanol, sikloheksan, siklopentan və s.). Beləliklə, əslində, eyni şəkildə yazılmalı olan sözlər lüğətdə fərqli formada əks edilib.
 
Məlumdur ki, bu lüğətin təkmilləşdirilməsi ilə əmək haqqı almaqla işləyən az qala bir bölük insan məşğul olub. İndi həmin adamlar lüğəti növbəti dəfə çapa hazırlayırlar. Onların ortaya çıxardıqları orfoqrafiya qaydalarında nəzərə çarpan qüsurlar haqqında ölkənin kifayət qədər təcrübəyə malik dilçilərinin iradlarına mətbuat vasitəsilə verdikləri cavablardan aydın olur ki, bu adamları Orfoqrafiyanın qüsursuzluğu deyil, tərtibçilərinin siyahısına düşəcək adları maraqlandırır. Bununla belə, lüğətin tərtibçilərinə bəzi suallarımı vermək istərdim:
 
Birincisi, tutaq ki, onlar tsikl və tsiklik sözlərinin düzgün yazılışını bərpa etmək istəyiblər. Onda bəs "tsikl"lə başlanan digər sözlər niyə fərqli yazılıb? 
 
İkincisi, haqqında danışdığım sözlərdən başqa, tərkibinə "tsiklik" daxil olan saysız-hesabsız sözlər var, onlar bu lügətdə yer almalı idisə, bəs digərləri niyə diqqətdən kənarda qalıb?
 
Üçuncüsü, həmin siyahıda yer almış 20 sözdən onu üzvi kimyəvi birləşmələrin adlarıdır. Hələ1976-cı ilin məlumatına görə, o vaxta qədər tərkibi öyrənilmiş təbii və sintetik üzvi maddələrin sayı 4 milyona yaxındır və onlardan 22 mini zəhərli maddələrdir. O maddələrin hamısının adını lüğətə salmaqla Orfoqrafiya lüğətində sözlərin sayini 110 mindən 4-5milyona çatdırmaq olar. Bunun mənası varmı və əgər yoxdursa, bir qrup spesifik terminin orfoqrafiya lüğətinə salınması nə əhəmiyyət kəsb edir? Bu şəkildə tərtib edilmiş orfoqrafiya lüğətinin tələbatına onsuz da heç kim əməl etməyəçək. İnsanlar sadəcə: "Dəyirman bildiyini edər, çax-çax baş ağrıdar" - deyib, öz bildikləri şəkildə yazmaqda davam edəcəklər. Axı nəyə görə siz bizim üçün müqəddəs olan Ana dilimizin orfoqrafiyasını çax-çax vəziyyətinə salırsınız? Məqsədiniz nədir?
 
Dördüncüsü, yuxarıda sadaladığım qüsurları aşkar etmək üçün mənə 10 dəqiqə kifayət edib. Deməli, əslində, kitabda belə qüsurlar saysız-hesabsızdır. 

Kitabın üz qabığında və titul vərəqində mətbəə üsulu ilə "Satış üçün deyil" yazılıb. Belə getsə, növbəti çap zamanı "Alinmağa layiq deyil" yazmalı olacağınız haqqında fikirləşirsizmi?

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər