Ru
18:11 / 23 İyun 2017

AMEA-dan Təhsil Nazirliyinə açıq ittihamlar - Dərslik qovğası şiddətləndi

3227
Təhsil Nazirliyi ilə tarixçi-alimlər arasında dərslik qalmaqalı getdikcə böyüyür. AMEA-nın tarixçi-alimləri bir-bir nazirliyin 10-cu sinif tarix dərsliyi barədə məqalələr yazır, dərslikdəki nöqsanları təhlil edirlər. Nazirlik susduqca, AMEA qurumun üzərinə getməkdədir. Belə ki, bu qovğaya daha bir tarixçi-alim qoşulub:


"Təhsil Nazirliyinin dərsliklərlə bağlı ümumi kodeksləri indiyədək müəyyənləşmədiyindən bu istiqamətdə kifayət qədər çatışmazlıqlar var”.


Bu sözləri tarixçi-alim Ramin Əlizadə BakuPost.az-a "10-cu sinif” tarix dərsliyinin plagiat olması və saxta erməni tarixinin tədrisə salınması barədə mübahisələrə münasibət bildirərkən deyib. 


Onun sözlərinə görə, kurikulum üzrə yazılmış dərsliklərin tərtib edilməsi işinə tədqiqatçı alimlər və pedaqoqlar cəlb edilməlidir: 

 

Отображается файл


"Lakin buna bir çox hallarda əməl edilmir. Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün nəzərdə tutulan "Azərbaycan tarixi” və "Ümumi tarix” fənləri üzrə yeni dərsliklərin layihələri buna əyani sübutdur. 


Müəlliflərin say tərkibinin çox olması, onların az bir hissəsinin mütəxəssis kimi elmi-tədqiqat müəssisələrində çalışması, qalanlarının isə qeyri-elmi əsaslarla mühüm tarixi hadisələri izah etmək cəhdləri orta məktəb şagirdləri üçün ağır nəticələrə səbəb olacaq. 


İctimaiyyətin böyük bir qismi haqlı olaraq bu cür dərslikləri qınaq obyektinə çevirirlər. Axı gələcək nəslin təhsili strateji məsələdir. Onların savadsızlığı hansı ağır nəticələrə gətirib çıxarda bilər? Bunu fikirləşdikdə Təhsil Nazirliyinin mövqeyini başa düşmək olmur”. 


Tarixçi-alim sual edir ki, niyə bu qurum yeni dərsliklərlə bağlı düzgün mövqe nümayiş etdirmir: "Niyə dərslik müəllifləri kimi tanıdığımız mütəxəssislər bu işdən uzaqlaşdırılır? Bu cür qərəzli mövqe nümayiş etdirməkdə məqsəd nədir? 


Niyə Təhsil Nazirliyi bu kimi suallara açıq-aydın münasibət bildirmir? Bəlkə Təhsil Nazirliyinin dərsliklərlə bağlı açıq-aydın münasibət bildirmək səlahiyyəti əlindən alınıb? 


Bu suallar nə qədər ki, cavabsız qalacaq o qədər də xalqımızın gələcəyinə zərbə dəyəcək. Söhbət tarix fənnindən getdiyi üçün bu cür çatışmazlıqların daha ağır nəticələrə gətirib çıxaracağını təsəvvür etmək o qədər də çətin deyil. 10-cu sinif şagirdləri redaktəyə ehtiyacı olan yeni dərsliklərdə həm də çox çətin başa düşülən terminlərlə tanış olacaqlar”. 


R.Əlizadə  buna misal üçün 10-cu sinif "Azərbaycan tarixi” dərslik layihəsində bir neçə nümunəni göstərib: 


1. Alt Paleolit dövrü izah olunan paraqrafda Azərbaycanın qədim insanın məskunlaşdığı ilk ərazilərdən biri olmasını sübut edən Azıxantropun alt çənə sümüyünün təsviri yoxdur (səh. 9). Əvəzində isə Azıx mağarasının maddi-mədəniyyət nümunələrindən bəhs olunan səhifədə Eneolit dövrünə aid yaşayış məntəqəsi olan Göytəpənin artefaktları təqdim olunub.


2. Səhifə 11-də Neolit dövrünə aid yaşayış məntəqələrindən daşdan və sümükdən düzəldilmiş toxaların tapılması qeyd edilir. Eneolit dövrü əkinçiliyi "toxa əkinçiliyi” adlanır. "Toxa əkinçiliyi” hansı dövrdə yaranmışdır? Bu sualın cavabı təqdim olunan paraqrafda qəti olaraq müəyyən edilməmişdir (səh.11).

 

Halbuki, 6-cı sinif "Azərbaycan tarixi” dərsliyində "toxa əkinçiliyi”nin Neolit dövründə meydana gəlməsi aşkar şəkildə şagirdlərə çatdırılmışdır.


3. Dərslik layihəsində ikinci paraqrafın "İlk tayfa ittifaqları” yarımbaşlığında Azərbaycanın ilk tayfalarının bir dildə danışması barədə əsassız iddia irəli sürülür.

 

Halbuki, ölkəmiz Şərqlə Qərb arasında körpü rolunu oynadığı üçün burada müxtəlif mədəniyyətlərə və dillərə malik olan tayfalar yaşamışdır. Kür-Araz mədəniyyətinə aid maddi-mədəniyyət nümunələri bu faktı bir daha təsdiq edir.


4. Həmin paraqrafın "Aratta” yarımbaşlığında dövr baxımından və mövzuya aidiyyatı olmayan XV əsr müəllifi Əbdürrəşid əl-Bakuvinin əsərindən iqtibas gətirilir. Halbuki, bu orta əsr müəllifi Aratta haqqında heç bir məlumat verməmişdir (səh.15).


5. Kuti dövlət qurumundan bəhs olunan yarımbaşlıqda elmi cəhətdən əsassız olaraq yanlış tarixi məlumat öz əksini tapmışdır. Halbuki, e.ə. XXIII əsrin sonunda İkiçayarasında Akkad dövləti qüdrətli dövrünü yaşayırdı. 


Həmin dövrdə kutilər hələ Mesopotamiya ərazisində ağalıq etmirdilər (səh.15). Həmin səhifədə Kuti hökmdarı Lişir-pirinin qayaüstü relyefinin tarixi yanlış olaraq e.ə. XXIII əsrə aid edilmişdir. Layihədə kutilərin İkiçayarasında sonuncu hökmdarı olan Tirikanın hakimiyyətdən devrilməsindən sonra Urmiya gölü ətrafında əvvəlki mövqelərini və qüdrətini itirməsi fikri tamamilə əsassızdır (səh.16).


6. Dərslik layihəsində bir neçə səhifədə Aşşur dövlətinin adı yanlış olaraq Assuriya kimi verilmişdir.


7. Müəlliflər Manna haqqında paraqrafda yerli hökmdarları yanlış olaraq şarrani adlandırırlar. Əslində isə sami dillərində (Akkad) hökmdar "şarru” adlanır (səh.18).


8. Dərslikdə müəlliflər "İbtidai icma cəmiyyəti” bölməsində ibtidai icma quruluşu dövrünün başa çatmasını Son Tunc-Erkən Dəmir dövrünə aid etdiyi halda, Manna dövlətinin yarandığı ilk mərhələni quldarlığa keçid kimi təqdim edirlər (səh.19).

 


 


9. Dərslik layihəsində Manna dövləti ilə Aşşur imperiyasının qarşılıqlı əlaqələri də yanlış izah edilmişdir. E.ə. 735-ci ildə Aşşur hökmdarı III Tiqlatpalasarın Urartu hökmdarı II Sardurinin yaratdığı anti-Aşşur koalisiyası ilə müharibəsində Manna dövləti ümumiyyətlə iştirak etməmişdir. Bu barədə II Sardurinin və III Tiqlatpalasarın dövrünə aid mixi yazılı qaynaqlarda heç bir məlumat verilməmişdir.


10. Dərslikdə Mada dövləti yerinə yanlış olaraq Midiya dövləti ifadəsi işlənmişdir. Halbuki ilk dəfə Mada ölkəsinin adına e.ə. IX əsrin 40-cı illərində Aşşur hökmdarı III Salmanasarın kitabəsində Mada kimi rast gəlinir.


11. "Atropatena dövləti” paraqrafında (səh.27) Mada dövləti tarixi-coğrafi baxımdan əsassız olaraq Şimali Midiya və Cənubi Midiya ərazisinə bölündüyü qeyd olunur. Əslində "Kiçik Mada” kimi tanınan Atropatena ərazisi Madanın qərbini əhatə edirdi. "Böyük Mada” isə əvvəlki Mada dövlətinin yarandığı mərkəz və cənub torpaqlarını əhatə edirdi. Heç bir qədim yazılı qaynaqda və ya xəritələrdə Mada ərazisi şimal və cənub bölgələrinə ayrılmamışdır.



 

12. Dərslik layihəsində Atropatena dövlətinin yaranması ilə bağlı təqdim olunmuş məlumat anlaşılan deyil. Diqqətlə baxın, bu cümlədə nə başa düşmək olur?

 

 


BakuPost

AMEA-dan Təhsil Nazirliyinə açıq ittihamlar -  Dərslik qovğası şiddətləndi
AMEA-dan Təhsil Nazirliyinə açıq ittihamlar -  Dərslik qovğası şiddətləndi
AMEA-dan Təhsil Nazirliyinə açıq ittihamlar -  Dərslik qovğası şiddətləndi
AMEA-dan Təhsil Nazirliyinə açıq ittihamlar -  Dərslik qovğası şiddətləndi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər