ABŞ neftin qiymətinin qalxmasını istəmir? - “Pul qazanmaq istəyirlər deyə…”

Neftin qiyməti bir müddətdir, 50 dollar civarında sabitləşib. Xeyli vaxt çalxalanan neft bazarında hazırda tarazlaşma müşahidə olunur. Bunun əsas səbəblərin biri də OPEC-ə üzv ölkələrinin noyabr ayında hasilatın dondurulmasıyla bağlı imzaladığı anlaşmadır. Anlaşma 6 aylıq imzalanıb və iyun ayında öz hökmünü itirəcəyindən, OPEC ölkələri may ayının 5-də yenidən bir araya gələcək.

Diqqət  OPEC-in Nazirlər Şurasının Vyanada keçiriləcək 172-ci iclasına – Gözləntilər

İclasda verilməsi gözlənilən qərarlarla bağlı BakiPost.az-a danışan iqtisadçı Natiq Cəfərli vurğulayıb ki, toplantıdan sonra neft hasilatı bir az da azaldıla bilər: "Əsas gözlənti ondan ibarətdir ki, noyabrda neft hasilatının müəyyən həddə dondurulması ilə bağlı imzalanmış 6 aylıq anlaşma uzadılsın. Amma bəzi başqa təkliflər də var. Biri odur ki, hasilat bir az da azaldılsın. 

İndi 1,3 milyon barel gündəlik hasilatının azaldılması planı var. Bunu daha da yuxarı səviyyələrə çəkə bilərlər.

Dondurma planını yanvar ayına qədər deyil, ən az mart ayına qədər uzatmaqla bağlı da təkliflər var. Bu təkliflər ətrafında müzakirələr gedir. Çox güman ki, anlaşma olacaq - hasilat dondurulacaq. Amma bazarlar, birjalar artıq bu qərarın veriləcəyini həzm edib. İndiki qiymətlərdə bu qərarın verilmə ehtimalı belə artıq özünü göstərir. Əgər qeyri-adi qərarlar olmasa, qiymətlərin indiki səviyyələrdə sabitləşməsini gözləyə bilərik. Yox, əgər doğrudan da hasilatın daha kəskin azaldılmasıyla bağlı bir qərar çıxsa, bu, qiymətlərin sürətlə bahalaşmasına səbəb olan amilə çevrilə bilər. Bir şey var ki, OPEC-ə daxil olan ölkələrin hamısı bu anlaşmanı bütün şərtləri ilə imzalamayıb. Burada Liviyanın, Nigeriyanın, İraqın və İranın öz şərtləri var. Məsələn, Liviya ümumiyyətlə, qoşulmayıb. Amma son zamanlarda Liviyada hasilatın hər ay artdığını görürük”.
 


İqtisadçı bildirib ki, anlaşma imzalansa belə, qiymətlərdə kəskin artım olmayacaq: "OPEC-ə daxil olmayan əsas oyunçulardan biri son vaxtlar ABŞ-dır. Qiymət qalxdıqca, onlarda da hasilat artır. 17 həftə ard-arda Amerikada günlük hasilatın artığı müşahidə olundu. Ötən ilin noyabr ayında anlaşma imzalananda ABŞ-da günlük hasilat 8 milyon 700 min barel idi. Bu gün artıq 9,3 milyon barelə çatıb. Anlaşma olacağına şübhəm yoxdur, lakin digər oyunçuları da nəzərə alanda bu iclasda veriləcək qərarın qiymətlərə kəskin və ciddi təsir edəcək gücə malik olduğuna inanmıram. Çünki bazarlar da, birjalar da, birja oyunçuları da anlaşmanın uzadılacağıyla bağlı xəbəri çoxdan qiymətlərdə əks etdirib”.

"ABŞ dünyada neftin qiymətinin qalxmasını istəmir” mifi

Natiq Cəfərli xalq arasında yayılmış "ABŞ hasilatı artırır ki, neftin qiyməti qaxlmasın” fikirlərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Amerikada neft sektoru özəldir və dövlət hasilatının artırılıb, azaldılmasına nəzarət etmir: "ABŞ-da neft sahəsinə dövlətin birbaşa müdaxiləsi yoxdur. OPEC ölkələri, Rusiya, Azərbaycanın özü neft sektoruyla dövlət səviyyəsində məşğuldur. Amerikada isə 3700-ə qədər neft çıxaran şirkət var. ABŞ-ın cəmi bir buruğu olan şirkətlərdən tutmuş, onlarla buruğu olan şirkətlərin mövcud olduğu neft sənayesi var. Buna görə də ABŞ dövlət səviyyəsində bu işi görmür. Özəl sektor da çox çevikdir. Qiymət qalxdıqca pul qazanmaq istəyir və hasilatı artırır. Bu, təbii prosesdir”. 

50 dollarlıq bazar ABŞ şirkətlərinə nə qədər gəlir qazandırır?

N.Cəfərli hesab edir ki, maya dəyəri 18-19 dollar olan neftin 50 dollara satılması amerikalı biznesmenlərə yaxşı qazanc gətirir: "Amerikada ağır neft deyilən anlayış var, daha dərin qatlardan çıxarılan neftə deyilir. Əvvəllər maya dəyəri çox baha idi. İndi yeni texnologiyalar var və dərin qatlardan belə neft daha asan üsulla çıxarılır. Ona görə də qiyməti təqribən iki dəfədən də aşağı düşüb. Bəzi layihələr var ki, maya dəyəri 18-19 dollardır. Bəzilərində isə 25 dollar civarındadır. İndiki qiymətlər də Amerika sahibkarlarına çox sərf eləyir. Qiymətlərin 50 dollar civarında sabitləşməsi onlar üçün çox gözəl fürsətlər açıb. Onlar buradan kifayət qədər çox qazanc əldə edirlər. Öz ziyanlarına işləsəydilər başqa məsələ, amma onlar indiki sabitləşmiş qiymətlərlə belə yüksək məbləğdə vəsaitlər əldə edirlər. Neft əmtəə məhsuludur və burada əsas hədəf qazanc əldə etməkdir. Amerikada maya dəyəri 18-19 dollar olan nefti 50 dollara satmaq kifayət qədər böyük pullar deməkdir. Son zamanlar ABŞ-da hasilatın artmasının səbəbi də budur”. 

Nigar Etibar
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

22 May 2017
Bütün xəbərlər
Bütün xəbərlər