Ru
12:05 / 22 Fevral 2018

ABŞ Dağlıq Qarabağda müharibə proqnozlaşdırır - Moskva kimi seçəcək?

3626
Qərbdə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibənin başlayacağı haqda fikirlər səsləndirənlər getdikcə artmaqdadır. ABŞ-ın beyin mərkəzlərinin hesabatlarında da bu münaqişənin adı tez-tez çəkilir. Onlar hesab edir ki, 2018-ci ildə iki ölkə arasında genişmiqyaslı müharibə başlaya bilər. ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts tərəfindən 2018-ci il üçün dərc edilmiş "Dünya üzrə təhlükələrin qiymətləndirilməsi” hesabatında qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginlik genişmiqyaslı müharibəyə çevrilə bilər.


Hesabatda bildirilib ki, bu miqyaslı müharibəyə Rusiyanın da qoşulması mümkündür və bu zaman o, regional müttəfiqi olan Ermənistanın tərəfini tutacaq. Hesabatda deyilir ki, münaqişə tərəflərinin kompromisə getmək istəməməsi, bununla bağlı daxili təzyiqlər, Azərbaycanın ordusunu davamlı olaraq müasirləşdirməsi və Ermənistanın Rusiyadan yeni müasir silahlar alması 2018-ci ildə genişmiqyaslı hərbi əməliyyatlara səbəb ola bilər.


Bəs D.Koutsun hesabatına nə qədər ciddi yanaşmaq olar? Moskva Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsində maraqlıdırmı? İkinci Qarabağ münaqişəsinin başlayacağı təqdirdə Kreml kimin tərəfini tutacaq? Gəlin, bu suallara cavab tapmağa çalışaq.


Azərbaycan və Ermənistanda prezident seçkiləri


Rusiya ilə Ermənistanda prezident seçkiləri martda, Azərbaycanda isə apreldə keçiriləcək. Hazırda bu ölkələr qarşıdan gələn seçkilərə ciddi hazırlaşır və ölkə rəhbərliyi fikrini seçkiyə cəmləyib. Odur ki, hazırda nə Azərbaycanın, nə də  Ermənistanın müharibə haqda düşünməsi realdır. Hətta prezident seçkiləri qurtardıqdan sonra belə, Dağlıq Qarabağda müharibənin başlama ehtimalı çox azdır. Çünki seçkilər bitdikdən sonra hakim partiyalar diqqəti adətən daxili məsələlərə yönəldir, seçkiqabağı vədlərini yerinə yetirməyə çalışır.


Azərbaycanın genişmiqyaslı müharibə ilə nəticələnəcək addımlar atmacağı inandırıcı deyil. Çünki o, beynəlxalq arenada özünü tolerant və multikultural ölkə kimi təqdim edir. Bununla yanaşı Azərbaycan neytral ölkə kimi heç bir hərbi ittifaqa qoşulmayıb. Bakı 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Yeri gəlmişkən, Yerevan hərbi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.


Kremlə Qarabağda müharibə lazımdırmı?


Qərb dövlətlərinin Rusiyaya təzyiq göstərdiyi heç kəsə sirr deyil. Vaşinqton postsovet məkanına Moskvanın təsirini azaltmaq üçün ona qarşı sanksiyalar da tətbiq edir. Digər tərəfdən, Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiyada yerləşən postsovet ölkələrində maraqlarının təmin olunması üçün ciddi addımlar atıb. Suriyadakı vəziyyət də aydındır. Orada ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Rusiya konvoyunu belə, məhv edib. Nəticədə xeyli rus hərbçisi həlak olub.


Bu gün dünyada geosiyasi vəziyyət tez-tez dəyişir və yeni müharibə mənbələri yaranır (Türkiyə ilə kürdlər arasında müharibə, İranla İsrailin Suriyada toqquşması). Qərbin Moskavaya təhdidləri də gündən-günə artır. Bütün bu faktlara əsasən deyə bilərik ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında deyil, Qərbin regionda təsirinə qarşı mübarizədə daha çox maraqlıdır.


Azərbaycanla Rusiya arasında inkişaf edən əlaqələri də nəzərə almalıyıq. Bakı Kremlin xarici siyasətində prioritet istiqamətlərdən biridir. Azərbaycan prezidenti İlham Əliyevin Bakı ilə Moskva arasında əlaqələrin gücləndirilməsi, həmçinin iki ölkə arasında ticarət və iqtisadiyyat sahəsində, o cümlədən hərbi-texniki sahədə münasibətlərin inkişafı istiqamətində yürütdüyü siyasət buna nümunədir. Odur ki, Kremlin Bakı ilə əlaqələrə böyük əhəmiyyət verdiyini əminliklə demək olar. O, Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsində, həmçinin münaqişə tərəfləri arasında etimadın yaranmasına maraqlıdır.


Qeyd edək ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal iştirak edir və danışıqlar prosesinə töhfə verməyə çalışır. Bu ölkənin xarici işlər naziri Sergey Lavrov 2017-ci ildə Rusiyanın diplomatik fəaliyyətinin nəticələri haqda danışarkən demişdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həllinə ehtiyac var. Azərbaycan Xarici İşlər Nazirliyi S.Lavrovun bu təklifini alqışlayır.


Danışıqlar prosesində ümidverici əlamət


Bu ilin yanvarında Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Edvard Nalbandyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer də iştirak ediblər. Orada həmsədrlər münaqişənin həlli ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüb. Doğrudur, söhbətin konkret hansı təkliflərdən getdiyi bəlli deyil. Amma bu, həmsədrlərin danışıqlar prosesini rədd etmədiyini, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin ola biləcəyini göstərir. Şübhəsiz ki, bu, ümidverici əlamətdir.


Ermənistanla Azərbaycan arasında müharibə başlayarsa, Rusiya kimin tərəfini tutacaq?


ABŞ Milli Kəşfiyyatının direktoru D.Kouts hesabatında əminliklə bildirir ki, Dağlıq Qarabağda genişmiqyaslı müharibənin başlayacağı təqdirdə Rusiya strateji müttəfiqi olan Ermənistanın tərəfini tutacaq. Bu yerdə gəlin, 2016-cı ilin aprelində baş vermiş "4 günlük müharibə” zamanı Moskvanın reaksiyasını xatırlayaq. Xatırladaq ki, həmin müharibə zamanı Azərbaycan bəzi ərazilərini işğaldan azad edib. 2016-cı ilin aprelində baş vermiş hərbi əməliyyatlar tərəflər arasında 1994-cü ilin mayında imzalanmış atəşkəs müqaviləsindən sonra yaşanmış ən ciddi toqquşma idi.


O zaman Rusiyanın dövlət başçısı Vladimir Putin əvvəlcə tərəfləri hərbi əməliyyatları dayandırmağa, atəşkəs razılaşmasına əməl etməyə çağırıb. Ardınca – aprelin 4-də Rusiyanın XİN başçısı S.Lavrov Moskvada keçirdiyi mətbuat konfrasında ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinin, həmsədrlərin fəaliyyətinin nüfuzdan salınması cəhdlərinin məqsədəuyğun olmadığını bildirib.


Hazırda Moskva Bakı ilə hərbi-texniki sahədə fəal əməkdaşlıq edir. Rusiya Azərbaycanın ən böyük ticari tərəfdaşı sayılır. Əlbəttə ki, 1990-cı illərdə iki ölkə arasında münasibətlər bu səviyyədə deyildi. Bu, nə deməkdir? Bu o deməkdir ki, indi, Rusiya ilə Azərbaycan ikitərəfli əlaqələrə böyük önəm verir. Bunu nəzərə alaraq, Rusiyanın Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə heç bir ölkənin tərəfini tutmayacağını söyləmək olar. Əksinə, Kreml tərəflər arasında genişmiqyaslı müharibənin qarşısını almaq üçün səy göstərəcək.


Beləliklə, Qarabağda 2018-ci ildə genişmiqyaslı müharibənin başlaması üçün ciddi şərait yoxdur. Amma gələcəkdə bu regionda müharibənin başlayacağını istisna etmək də olmaz. Hazırda bir məsələ aydındır: bu il Ermənistanla Azərbaycan arasında çətin ki müharibə başlasın və ABŞ Milli Kəşfiyyatının direktorunun hesabatı gümandan başqa bir şey deyil.

 

Mənbə: EURASIA FUTURE 

Tərcümə: WorldMedia.Az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər