Ru
11:22 / 19 Sentyabr 2017

ABŞ-da dərs deyən azərbaycanlı xanım: “Vətəni tərk etmək bədbəxtçilikdir”/ FOTO

6158
Vəfa Sabir qızı Yunusova 2012-ci ildən ADA Universitetinin, Təhsil fakültəsinin akademik məqsədlər üçün ingilis dili (EAP) proqramının müəllimi olub və çalışdığı universitetin göndərişi ilə iki ildir ki, ABŞ-ın Miçiqan Dövlət Universitetində, doktorantura pilləsində təhsilini davam etdirir. Bununla yanaşı, o, yay aylarında İndiana Universitetində amerikalı magistr və doktorantlara Azərbaycan dilini öyrədir.

 

İndiyədək Azərbaycan dilinin təbliğatında bir sıra uğurlara imza atmış bu xanım doğum günü ərəfəsində BakuPost.az-ın suallarını cavablandırıb:


- Vəfa xanım, öncə doğum gününüzü təbrik edirik və yeni yaşınızda yeni-yeni uğurlar arzulayırıq. Mümkünsə, bir az özünüz və ailəniz barədə məlumat verin...


- Təşəkkür edirəm! 


1968-ci ilin sentyabr ayının 16-da Bakıda, bir vaxtlar Sovetski kimi tanınan məhəllədə ziyalı ailəsində anadan olmuşam. Rəhmətlik anam 40 ildən çox Bakının Yasamal rayonunda 158 saylı məktəbdə ingilis dili müəllimi işləmişdi. Atam isə mühəndisdir, 40 ildən çox "Azəreneji”də çalışıb, hazırda təqaüddədir. Bir qardaşım var, ailəlidir, o da ali təhsillidir. Həyat yoldaşım QHT-lərdən birinin sədridir.


Arzum jurnalist olmaq idi, amma rəhmətlik anamın təkidi ilə  Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dilinin filologiyası fakültəsini bitirdim. Bir müddət orta məktəbdə çalışdıqdan sonra, təqdimatla Azərbaycan Dillər Universitetində işə başladım. Əvvəlcə sıravi müəllim, sonradan isə baş müəllim kimi fəaliyyətimi davam etdirdim. Həmin illər ərzində Britaniya Şurasının (British Council) və ABŞ səfirliyinin Təhsil Departamentinin təşkil etdiyi təkmilləşdirmə kurslarında ixtisasımı artırdım. Bir neçə il Britaniya Şurasının və Təhsil Nazirliyinin birgə layihəsində (In-SETT) müəllimlərin müəllimi (trainer of trainers) kimi fəaliyyət göstərdim. ADU-nun Təlimdə İnnovasiyalar kafedrasında həm ingilis dilinin metodikası, həm də nitq praktikası fənlərinin tədris edib, eyni zamanda TEMPUS layihəsi çərçivəsində təşkil edilən müəllim hazırlığı təlimlərində bir təlimçi müəllim kimi də çalışırdım. Hətta bir dəfə universitetdə Azərbaycan dili kafedrasının müəllimləri üçün 20 saatlıq dilin tədrisi metodikası ilə əlaqəli kurs da işləyib hazırlamışdım.


İngiltərənin Warwick və Essex Universitetlərində xarici dilin tədrisi ilə bağlı kursları müvəffəqiyyətlə bitirmişəm. Kembric Universitetinin TKT (Teaching Knowlegde Test) imtahandan keçmişəm və bununla yanaşı həmin Universitetin CELTA (Certificate in Teaching English to Speakers of Other Languages) kursunu da başa vurmuşam. Bu sertifikat xaricdə ingilis dilini ikinci dil kimi öyrənmək istəyən tələbələrə həmin dili tədris etmək imkanı verir. Sonradan 2015-ci ildə ABŞ-da təhsil almaq məqsədi ilə TOEFL və GRE imtahanlarından da keçməli oldum. Elə həmin ildə iki ay yarımlıq Liderlik mövzusunda TESOL- un (Teaching English to Speakers of Other Languages) təşkil etdiyi onlayn kursunu da bitirdim. Almaniya, Gürcüstan və Bakıda Beynəlxalq konfransların iştirakçı olmuşam, həm də məruzəylə çıxış etmişəm. Ukrayna, Özbəkistanda Britaniya Şurasının, ABŞ Təhsil Departamentinin və ITEFL-in  xarici dilin tədrisi ilə bağlı müəllimlər üçün təşkil etdiyi "Hornby Trust" yay məktəblərində keçmiş sovet respublikalarından və eləcə də bu coğrafi əraziyə yaxın ölkələrdən gəlmiş ingilis dili müəllimləri ilə iş təcrübəmi bölüşmək imkanım olub. Bundan əlavə Bakıda müxtəlif beynəlxalq və yerli təkmilləşdirmə kurslarını bitirmişəm.

 

 


- ABŞ-a necə gedib çıxdınız?


- ABŞ-la ilk əlaqəm 2006-cı ildə İndiana Universitetində təşkil olunmuş Biliyin Qiymətləndirilməsi mövzusunda bitirdiyim üç kreditlik onlayn kurs vasitəsilə oldu. 2008-ci ildə o zaman çalışdığım Azərbaycan Dillər Universitetindən müəllimlərin arasından seçilərək İndiana Universitetinə Yay Dil Kurslarında (SWSEEL) Azərbaycan dilini tədris etməyə göndərildim. Əlbəttə bu seçim sadəcə universitetin rəhbərliyinin istəyi ilə olmamışdı. Müsabiqə yolu ilə seçilmişdim. Mən İndiana Universitetində Slavyan, Şərqi Avropa və Orta Asiyaşünaslıq departamentin rəhbərliyinə öz əmək fəaliyyətim və xarici dili tədris etməklə bağlı fikirlərimi, iş təcrübəmi essay formasında yazıb göndərəndən sonra Yay Dil Kurslarının direktoru və proqramın metodisti məndən telefon vasitəsi ilə müsahibə götürdü. Nəticədə ingilisdilli tələbələrə azərbaycan dilini tədris edəcək müəllim kimi məni əməkdaşlığa qəbul etdilər. O vaxtdan İndiana Universiteti bu günə qədər fasilələrlə də olsa mənimlə əməkdaşlığı davam etdirir. 


2009 və 2010-cu illərdə İndiana Universitetində, həmçinin 2011 və 2012-ci illərin yayında ABŞ Dövlət Departamentinin Amerika Şurası ilə Azərbaycan Dillər Universitetinin birgə layihəsi olan "CLS Azerbaijani” (CLS - Önəmli Dil Təqaüdü) proqramı çərçivəsində amerikalı tələbələrə Azərbaycan dilini öyrətməklə məşğul olmuşam. Bunun davamı olaraq yenidən 2016 və 2017-ci illərdə İndiana Universitetinin Mərkəzi Avroasiya  Departamentinin təşkil etdiyi Yay Dil Kurslarında Azərbaycan dilini tədris etmişəm.


- ABŞ-da qalıb yaşamaq istərdinizmi? 


- Əsla yox. Mənim üçün vətən anlayışı müqəddəs və əvəzedilməzdir. Mənə ADA universiteti böyük etimad göstərib və Miçiqan Dövlət Universitetinin seçimi ilə buraya göndərib. Hal-hazırda Miçiqan Dövlət Universitetinin Təhsil Fakültəsində (College of Education), doktorantura pilləsində təhsil alıram. Mən təhsilin təşkili və liderlik mövzuları ilə bağlı fənləri öyrənirəm. Son məqsədim tədqiqat aparıb elmi işi müdafiə etmək və fəlsəfə doktoru (Ph.D.) elmi dərəcəsini alıb doğma ADA universitetində müəllimlik fəaliyyətimi davam etdirməkdir.


- Həyat yoldaşınız Elman Eldaroğlunun işləri birbaşa vətənlə bağlıdı, "Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri, "Yardımlının Səsi” qəzetinin təsisçisi və baş redaktorudur. Elman müəllimi ABŞ-a getməyə necə razı sala bildiniz? Çətin olmadı ki?


- Əvvəlcə çox tərəddüd edirdi, sevə-sevə qaynayıb-qarışdığı cəmiyyətdən ayrılmaq ona çox çətin gəlirdi. Yeddi il mütəmadi dərc edilən qəzeti dayandırmaq, rəhbərlik etdiyi təşkilatın fəaliyyətini dondurmaq onun üçün çox ağır idi. Amma nə etmək olar, ailə müqəddəsdir. Bu dəfə ABŞ-a gəlişim uzunmüddətli olduğu üçün sonda mənimlə gəlməyə qərar verdi. Məsələ burasındadır ki, müasir həyat o qədər təkmilləşib ki, uzun məsafələr artıq işlərimizə müdaxilə edə bilmir. Elman müəllim rəhbərlik etdiyi təşkilatın fəaliyyətini ABŞ-dan bacardığı qədər davam etdirir. Bunun üçün texnikanın bütün imkanlarından istifadə etməyə çalışır. Əsas istək və öz doğma vətəninə bağlılıqdır. Necə deyərlər, o, burada da Azərbaycanla nəfəs alır.


- Amerikaya qədərki həyatınızla, yaşam tərzinizlə Amerikadakını müqayisə etsək, çoxmu fərq var? Nələr dəyişdi bu müddətdə və hansı istiqamətə doğru?


- Mənim üçün fərq həm yoxdur, həm də çoxdur. Əsas olan qəbul etdiyim və etmədiyim fərqlərdir. Mən bir fikri artıq qızıl qayda kimi özüm üçün müəyyənləşdirmişəm. İnsan xarakterləri eyni olduğundan  milliyətindən, etiqadından, kimliyindən asılı olmayaraq, biri-birilərinə çox bənzəyirlər. Sadəcə mədəniyyətlər, adət-ənənələr fərqlidir. Əlbəttə ki, amerikalılar da bu mənada istisna deyil. Fərdiyyətçi, fikirlərində çox azad, qərar verərkən müstəqil, ətrafdakılara bəzən çox laqeyd, bəzən də kifayət qədər diqqətli insanlardır. Düşünürəm ki, bu cəmiyyətin çox millətli olması ilə əlaqədardır. ABŞ nəhəng bir qır əridən tiyan (melting pot) kimi qaynayır və mədəniyyətləri beləcə yavaş-yavaş assimilyasiyaya uğradır. Amma tolerantlıq (dözümlülük) prinsipinə riayət edildiyi üçün bu mədəniyyətlərin tam əriyib yox olmasının qarşısı az və ya çox alınır. Amerikalılar səninlə çox yaxın məkanda, qonşuluqda yaşaya bilərlər, təhsil ala bilərlər, amma bu bitdikdən sonra təsadüfən üz-üzə gələr, salam vermədən ötüb keçərlər. Elə bil, bu insanlar həyatlarını müntəzəm olaraq yalnız bir yerdən başqa yerə köçmək üçün yaşayırlar və buna uyğun olaraq planlaşdırırlar. Bunun öz obyektiv və subyektiv səbəbləri var. Təhsil, ailə, iş imkanları yarandıqca amerikalılar çox asanlıqla həyatlarını, yaşadıqları yerləri dəyişirlər və bundan nə usanır, nə də yorulurlar. Bu səbəbdən ailə institutu bizim milli ailə institutunun tam əksidir. Yəni 18 yaşından sonra insan öz seçimində tam azaddır. Hətta burada bir adət də var, ailənin görüşü (family reunion) adlanır. Yəni ildə bir dəfə və ya bayaramlarda müxtəlif ştatlarda yaşayan, işləyən, təhsil alan övladlar və ya yaxın qohumlar bir yerə toplaşırlar. 


- Qürbətdə yaşamaq çətin deyil ki? Alışa bilmisinizmi ABŞ həyatına, cəmiyyətinə?


- Çətindir deyərdim, əgər bura ömürlük köçsəydik. ABŞ-a təhsil və iş məqsədi ilə gəldiyim üçün qürbətin bu mənada yaratdığı çətinliklər haqqında tam fikir söyləyə bilmərəm. Gündəlik həyat, ev qayğıları eynidir və əksər hallarda bizim kimi müxtəlif ölkələrdən olan tələbələr üçün daha çətindir. Demək olar ki, hər bir iş internet vasitəsi ilə və ya zəng etməklə həyata keçirilir. Virtual həyat burda çox aktivdir. Şəxsi ünsiyyət yalnız dərs müddətində olur. Hətta fənlərin belə bəziləri hibrid formadadır, yəni bir hissəsi virtual, qalan hissəsi isə üzbəüz tədris edilir. İnsanlar gördükləri işlərin keyfiyyətindən asılı olmayaraq çox məşğuldur. İdeal cəmiyyət yoxdur. Hər bir halla qarşılaşmaq mümkündür, işini bilməyən də var, məsuliyyətsiz olanlar da və hətta bürokratlarla da rastlaşmalı olursan. Amma bir məqamı vurğulamaq vacibdir. Burada hər bir problemi həll etmək mümkündür və rəsmi qurumlar vətandaşın gündəlik qayğılarını demək olar ki, minimuma endirməyə nail olub. 


Öz təcrübəmə əsaslanaraq bir misal gətirim, iki müxtəlif ştatda təhsil aldığım və işlədiyim universitetlər tələbələrə həssaslıqla yanaşır, onların prolemlərini əllərindən gəldiyi qədər həll etməyə çalışırlar. Ümumiyyətlə, ABŞ-da tələbə və müəllim münasibəti demək olar ki, bizdən tamamilə fərqlənir. Bizdə olan aşırı dərəcədə subardinasiya gözləmək, bəzən rektorlara, dekanlara, kafedra müdirlərinə, elmi rəhbərlərə qarşı hiss edilən qorxu, cəsarətsizlik və ya ürkəklik burada yox dərəcəsindədir. Mənim bir neçə tələbəm yay məktəbində Azərbaycan dilini öyrəndikdən sonra Sumqayıt və Bakıda "Fulbright" və digər təqaüdlər ilə müəyyən müddətə həm işləyib, həm də tədqiqat aparıblar. Sonradan mənimlə öz təcrübələrini bölüşəndə utanmışam. Bizim universitetlərdə yüksək vəzifə tutan bəzi şəxslər elə bilirlər ki, xarici tələbə ilə öz əllərinin altında çalışan azərbaycanlılar kimi bəzən çox hökmlü, bəzən də kobud davrana bilərlər. Bu ürəkaçan hal deyil, çünki dolayı yolla təhsil sistemimizə və xalqımızın adına xələl gətirir.


Qeyd etdiyim kimi bir neçə dəfə gəldiyim üçün bu ölkə və cəmiyyət mənə artıq yad deyil. Hər bir hadisəni və ya məqamı soyuq başla dəyərləndirməyə çalışıram. Buna nə qədər nail oluram, bilmirəm.

 

 


- Vəfa xanım, qürbətdə yaşayan müsahiblərimizin çoxu belə bir fikir səsləndirir ki, vətəndən kənarda kim olmağından asılı olmayaraq qəbul edilmirsən. Bu barədə sizin düşüncələrinizi, fikirlərinizi öyrənmək maraqlı olardı...


- Doğrudur, ümumiyyətlə bu fikirlə razıyam. Tam fərqli dünyaların insanları olduğumuz üçün bu həqiqətdir. Hələ də buralara vaxtaşırı səfərlər edib, hər dəfə də "elə bil ikinci vətənimə gəlirəm" deyənləri anlamıram və anlamaram da. Hətta elələri var ki, əməlli başlı işi-gücü olan insanlardır və ABŞ-a ayaq basan kimi qayıtmaq istəmir. Necə olursa olsun qalmaq və ölkəyə dönməmək üçün yollar axtarır. Burada nə axtarıb nə tapırlar bilmirəm, amma tam xoşbəxt olduqlarına da inanmıram. ABŞ-da məskunlaşan bir neçə soydaşımızla ünsiyyətdə olduqdan sonra belə bir qərara gəlmişəm ki, insan doğrudan da harada doğulubsa, orada daha çox lazımdır. Yad ölkədə heç vaxt doğma ola bilməzsən, hər zaman özgəsən. Məncə, bu bədbəxtlik öz ölkəni yad bilib, başqa bir ölkədə hüzur tapmağa çalışdığın andan başlanır. İnsan öz kiçik cənnətini hətta cəhənnəm olsa belə öz ölkəsində yaratmağa nail olmalıdır, yad cənnətdə cəhənnəm əzabı çəkməkdənsə...


- ABŞ-ın nüfuzlu ali məktəbində müəllimlik edirsiniz. Bir qədər həmin universitet barədə danışardınız mümkünsə. Oradakı təhsil alan və ya çalışan azərbaycanlıların sayı qane edirmi sizi?


- Mənim burda müəllim kimi fəaliyyətim adətən qısamüddətli və əsasən də yay semestrində olduğu üçün sizin sualınıza tam mənada cavab verməyə bir qədər çətinlik çəkirəm. Çünki ünsiyyətdə olduğum elm adamlarının demək olar ki, hamısı dilçi, tarixçi və ya etnoqrafdır. Hər birinin öz maraq dairəsi və tədqiqat obyekti var. Maraqlısı da odur ki, bu mütəxəssislər mütləq mənada tədqiq etdikləri ölkənin dilini və ya həmin coğrafi ərazidə yaşayan millətlərdən bir neçəsinin dilini öyrənirlər. Onların hamısı çox mehriban, ünsiyyətcil, digər mədəniyyətləri öyrənməyə cəhd edən və eləcə də fərqli mədəniyyətlərə, dinlərə böyük hörmətlə yanaşan insanlardır.


Əsasən çox az sayda azərbaycanlı çalışır İndiana Universitetində. Onlardan birinin elmi fəaliyyəti musiqi və digərinin elmi işi ətraf mühitlə bağlıdır. Hər ikisi fəlsəfə doktorudur. Bir nəfər kütləvi informasiya vasitələri üzrə təhsilini doktorantura səviyyəsində davam etdirir. Çox yaxın günlərdə müdafiə edəcək. Bir xanım da magistr dərəcəsini aldıqdan sonra İndiana Universitetinin nəşriyyatında çalışır. Aldığım məlumata görə, bu ilin sentyabr ayından bir illik təqaüd əldə etmiş iki tələbə İndiana Universitetində təhsilini davam etdirəcək...


- Bir müəllim kimi tələbə və müəllim kollektivi sizi necə qəbul edir, ünsiyyətiniz hansı səviyyədədir?


- Qeyd etdiyim kimi əksər müəllimlər və tələbələr buraya təhsil almağa gəlmiş və sonradan ABŞ-ı özlərinə ikinci vətən seçmiş insanlardır. Maraqlısı odur ki, burada çalışan amerikalılar da elə onlar kimi çox mehriban, yardım sevər, ünsiyyətcildir. Tələbələrim adətən çox olmur, başlanğıc səviyyədə 7, amma orta səviyyədə ya 3, ya da 4. Həm də burada hər il iki səviyyə təklif olunmur. Təkrarçılıq kimi səslənməsin, çox heyf ki, İndiana Universitetində digər dillərdən fərqli olaraq Azərbaycan dili mərkəzi yoxdur, bu dil ilə şəxsən məşğul olan və ya tədqiqat aparan, bu fakültəyə qrant gətirən bir mütəxəssis alim yoxdur. Əgər tələbələr müraciət edərsə və həmin il qrant ayırmaq mümkün olarsa, Azərbaycan dili tədris edilir. Bu şərtlər daxilində burada Azərbaycan dilinin geniş şəkildə tədrisinin mümkün olacağına inanmaq məncə hələ sadəlövlükdür...


- Ətrafınızda ermənilər varmı? Məsələn, erməni tələbəniz? 


- Hələ ki belə bir tələbəylə qarşılaşmamışam. Buna görə də Allahımdan razıyam.


- Amerikada yaşamaq istəyən azərbaycanlılara nə deyərdiniz, hansı məsləhətləri verərdiniz?


- Deyərdim ki, hətta əgər nə vaxtsa seçim edib gözəl Azərbaycanımızı ABŞ və ya digər bir xarici ölkəyə dəyişmək qərarına gəlsəniz, özünüzdən əvvəl uşaqlarınızı düşünün. Yüz ölçüb, bir biçin. Onları qürbətdə tam azərbaycanlı olaraq böyütmək şansı çox azdır. Belə insanlar özlərini və övladlarını o zaman xoşbəxt edə bilərlər ki, pənah gətirdikləri ölkənin dili ilə yanaşı öz dillərini də qoruyub saxlaya bilsinlər. Xarici dildə danışmaq, yerli insanlarla fikir mübadiləsi aparmaq, daxili aləmini, dünyagörüşünü zənginləşdirmək çox əladır, amma öz dilini onlara sevdirmək isə tam başqa, dəyəri ölçülə bilməyən bir hissdir. Bu, kimliyi qorumaqdır, qısası var olmaqdır. Bir neçə dəfə tamam kənar şəxslər "hansı dildə danışırsınız" sualını verəndə dilimiz haqqında söylədikləri məni çox sevindirib. Onlara görə dilimizin səslənməsi musiqiyə bənzəyir. Bir istəyim də odur ki, bura gələnlər vətənimizi az tənqid etsin, bu millətimizə qarşı mənfi rəy yardır. Nə olar, bir az müsbət yanaşın özünüzə, vətəninizə, axı getməyin bir qayıtmaq məqamı da var. Hər kəs öz vətəninin bir zərrəsi deyilmi?..

 



- Son sözünüz, arzunuz, bizdən istəyiniz?


- Son günlərdə o qədər pis xəbərlər oxuyuram ki, xüsusilə ailə daxilində şiddət, azyaşlılara qarşı qəddar cinayətlər, sevgisizlik, kin-küdurət daha da çoxalıb. Amma bir inandığımız həqiqət də var ki, mərhəmət, qayğı, sevgi azalanda vəhşiliklər çoxalır. Nə olar, sevin bir-birinizi, böyüklərinizə hörmət edin, Allahsızlığa və ya qatı mövhumata yox deyin, dəyərli adət və ənənələrimizi qoruyun, amma köhnəlmişlərdən qurtulun. Xarici ölkəyə gələndə dərhal hər şeyi unudub, lazımsız səkildə assimilyasiyaya uğramaqdan çəkinin. Allah Azərbaycanımızı qorusun!


Zəhra

BakuPost.az

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər