Ru
20:05 / 13 İyul 2017

“A” hərfinə uçan gülləyə baxdım... - “Akademikin son əsəri” haqda

2539
Yusif Məmmədəliyev, Xudu Məmmədov, İbrahim Topşubaşov, Ziya Bünyadov... 


Azərbaycanın elm mədəniyyətin bu cür sıralanması haradan gəldi beynimə, bilmirəm... Amma ürəyimdə , necə deyərlər, bir "Nobel sızıltısı” vardır; neçə-neçə dahimizə dünya miqyasında qiymətlərini almağa mane olubdur.  Heç olmasa, varisləri həmvətənlərimizə, indiki nəslə onları tanıda bilirlərmi? Cavabı yenə də nisgilli, üzücüdür. 


Akademik Ziyad Şıxlı.


Sonuncu mogikan da demək olardı, amma onun barəsindəki bu romanı oxuyanda belə mogikaların sonuncu olduğu fikrindən daşındım. "Ömür kitabı”nda oxuyuruq ki, Sabir Rüstəmxanlı qədim türk tarixindən çoxlarına bəlli olmayan mətləblərə toxunanda akademik bir az sevinc, bir az da təəccüblə demişdi: "Oho! Siz bunları da bilirmişsiniz!”


Bəli, bilir Sabir bəy. Və bizə də bildirir. Bu həm də  başqalarına örnək olacaq mənəvi borcdur. Məgər "Göy tanrı” romanı tarix dərsliklərindən azmı material vermişdir bizə? 


Yaxud da "Bu sənin xalqındır” kitabı. Hamımızın yaşadığı, içindən çıxıb gəldiyimiz milli-azadlıq hərəkatı haqqında cürbəcür cəfəngiyatlar yazan, xımır-xımır xalq malını yeyən alimciyəzlərə dərs vermək vaxtı çoxdan çatmışdı. Bu kitabla həmin dövr haqqında çox mətləblərə işıq saldı, pərdələri qaldırdı, "başlarını aşağı salıb işini görən” tarixçilərin başını bir az da aşağı ( aşağı ,aşağı,...dan da aşağı?) elədi. 


Yaxın bir dostum "Akademikin son əsəri” romanını mənə verəndə başımız bərk qarışıq idi. Sonradan romanda oxuyacağım situasiyanın oxşarı olan hadisənin acısını yaşayırdım.  Növbəti dəfə Altay Qızılbaşı xatırladan jurnalist dostumu "ilişdirmişdilər”. Hardaydı Ziyad Şıxlı ki, gəlib bizi bu "bəladan” qurtarsın? Amma, sən demə, mogikanların sonuncusu olmurmuş, yeni Ziyad Şıxlı imdada çatdı. Görünür, elmə, dərrakəyə ,el sevgisinə diqqət var və olacaq. Sağ olsun qədirbilən və bu qədirbilənlərin qədrini bilənlər!..


"Kitabın sonuncu cümləsinə bax” – dedi, dostum. Baxdım və quruyub qaldım: "45-də atılan güllə hələ də ona doğru uçmaqdadır”. Axı eynilə hədisi-şərifdəki cümlədir. "İnsan doğulandan ölənə qədər ona doğru uçan oxa tərəf tələsir”. Əminəm ki, bu hədisi eşitməsə də belə, Sabir bəy həmişə ən doğru qənaətlərə gəlir.


Kitabın adında "A” hərfinə doğru uçan gülləyə baxdım. Təxmini də olsa, fəhm elədim ki, nələr var içəridə. Axşam evə çatan kimi oxumağa başladım və sübh çağı oxuyub qurtardım. Səhəri gün sürətli oxuma tərzimə yaxşı bələd olam dostum zarafatla soruşdu: "Hə, nədir indi deyecəksən ki, artıq oxuyub qurtarmışam?” 


Cavabı rəyimdə verdim: "Yox. Bu kitabı oxuyub sona çıxmaq olmaz. Hələ çox oxuyacağam. Dönə-dönə. O biri kitablar kimi. Təəssüratlarmı qeyd edəndən sonra , bir daha oxuyacağam”.


Əlbəttə ki, roman ciddi elmi araşdırma tələb edir və bu mütləq olacaqdır.  İndilik isə oxucu kimi bütün həmvətənlərimizə bu kitabdan yararlanmağı məsləhət görərdim.  Biotexnologiyanın silahları elə millətimizə qarşı aparılan gen savaşı barədə bilgilərmizi artırmaq üçün həqiqəti deməyi qabağına məqsəd kimi qoyan dahilərin üzləşdikləri haqsız təzyiqlərə bələd olmaq üçün...


Toponimika ilə ciddi məşğul olduğum vaxtlarda "Savalan”sözünün etimalogiyasını axtarırdım.  "Göy tanrı” romanını oxuyarkən qədimdə peyğəmbərə "savçı” deyildiyini öyrəndim. Və o müqəddəs dağın adına açar tapıldı. İslam tarixinə müraciət edəndə də məlum oldu ki, "Savalan elə bir dağdır ki, orada ta qədimdən çoxlu peyğəmbərlər yaşayıb və orada da dəfn olunublar”. Son romanda da xaricilərin gəlib Savalan ətrafını qazaraq, orada peyğəmbər qəbirlərini, ilk insan izlərini , sivilzasiya qalıqlarını tapmaq və özlərini oraya bağlamaq xülyasına toxunulur. Nə qədər belə qiymətli faktlar vardır  kitabda. Bu cür materiallar Sabir bəyə haradan çatır, deyə bilmərəm, amma bir onu bilirəm ki, bu məlumatları hansı səhih mənbə ilə tutuşdursan tam eynilik təşkil edir. Əslində, Sabir bəy özü bizim üçün mötəbər mənbədir.


Mətləbi çox uzatmadan onu da qeyd edim ki, görkəmli yazıçı ənənəsinə sadiq qalaraq bu əsərində də yenə bir sıra yeni sözlər təqdim edir. Genlərin dəyişdirlməsi və mutasiya barədə yazandan " eşcinsəl” sözündən istifadə edir, adamı qıcıqlandırıb ikrah doğuran "homoseksual " sözü ilə müqaisidə gözəl tapıntıdır!


Kitabın bir məziyyətini də qeyd etmək istəyirəm. Savalan ətrafı yerlərin adamları romanda elə həmin yerlərin ləhçəsi ilə danışırlar. "İçgin adam” , yəni ruhən, cismən bizə yaxın adam ifadəsi artıq dilimizdən qopmaq üzrə ikən bu romana düşüb. Yaxud "xalqın işığı”nın "xalxın işığı” kimi verilməsi deyimin təsir qüvvəsini artırır, əsərin səmimiliyindən irəli gəlir.


Sabir bəydə Allahın bu dünyada insana bəxş edəcəyi hər şey vardır - savad, hörmət, şöhrət, bir neçə nəslə yetəcək əsərlər, vətənə, xalqa xidmət, varından, dövlətindən ,əqidəsindən ,vəzifəsindən, siyasi baxışından asılı olmayaraq, çoxmilyonlu insanların sevgisi. Allah ona sağlam bədən və uzun ömür də versin ki, neçə-neçə belə kitabları yazıb həqiqət axtarışında olan oxucuların dadına çata.


Həbib Həbiboğlu

Tərcüməçı - yazar
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər