80 yaşda heç də hamı müdrikliyini qoruya bilmir... - Fazil Mustafadan yubiley təbriki

2124

Fazil MUSTAFA,

BQP sədri, Milli Məclisin deputatı

 

Tanınmış insanları iki kateqoriyadan qiymətləndirməyə alışmışam. Birinci kateqoriyaya bir az neqativ prizmadan yanaşıram. Azərbaycanın daşıdığı, millətin yük olaraq götürdüyü insanlar. İkincilərə yönəliksə daha pozitiv bir yanaşma sərgiləyirəm: öz mövcudluğu ilə Azərbaycanı daşıyan, millətin yükünü çəkməyi fərəh missiyası olaraq görən insanlar.

Birinciləri indi rahat buraxıb, çox az sayda sıralaması olan ikincilərdən başlamaq istərdim.

Tarixə göz gəzdirmədən, sadəcə müasiri olduğumuz XX və XXI əsrlərin qovşağında Yusif Məmmədəliyev, Əbülfəz Elçibəy, Xudu Məmmədov, Şirməmməd Hüseynov… kimi millətimizin aydın potensialını təmsil edən insanların nə dərəcədə öz düşüncə ölçülərinə görə Azərbaycan adını varlıqları ilə yaşatdıqları barədə dəfələrlə söz söylənib. Bu say o qədər də çox deyil və bu sırada qeyd edə biləcəyimiz insanların içində, düşünürəm ki, İlyas İsmayılov obrazı da var. Dərindən tanıyanlar bilirlər ki, İlyas İsmayılov da öz masştabına görə varlığında Azərbaycanı daşıyan şəxsiyyətlərdəndir.  

Bu cür şəxsiyyətlər haqqında ürəkdən gələn sözləri yazarkən statistik və ya bioqrafik bilgilərə baş vurmağa da qətiyyən ehtiyac duyulmur. Ölkənin baş prokuroru olub, hüquq elmləri doktorudur, Milli Məclisin deputatı kimi fəaliyyət göstərib, hüquq və siyasət sahəsinə aid dəyərli tədqiqatları var. 

Bütün bunlar önəmli bilgilərdir, ancaq həm də təfərrüatlardır, yəni əsas obrazın açılışına xidmət edən yardımçı vasitələrdir. Bütün bu ömür yolunun vacib komponentlərinin üzərində cəmiyyətə hər zaman sağlam mesaj verən, fikirləri, görüşləri, davranışı və prinsipləri ilə qıtlığını yaşadığımız yetkin bir ziyalı modelini təqdim edən şəxsiyyətdən söhbət gedir.

http://strateq.az/wp-content/uploads/2018/03/fazil-ilyas-300x225.jpg 300w, http://strateq.az/wp-content/uploads/2018/03/fazil-ilyas-113x85.jpg 113w, http://strateq.az/wp-content/uploads/2018/03/fazil-ilyas-90x68.jpg 90w, http://strateq.az/wp-content/uploads/2018/03/fazil-ilyas-280x210.jpg 280w, http://strateq.az/wp-content/uploads/2018/03/fazil-ilyas-124x93.jpg 124w" sizes="(max-width: 448px) 100vw, 448px" style="margin: 0px; padding: 0px; outline: none; width: 540px; height: 405px;" />

İlyas müəllimlə yaxından tanışlığımız 1992-ci ildə gənc yaşlarımda Prezident Aparatının Dövlət-Hüquq şöbəsinin müdiri olduğum dövrə təsadüf edir. O zaman Ədliyyə naziri vəzifəsində işləyən İlyas müəllimlə söhbətləşmək, peşə yönündən faydalı bilgilər qazanmaq, həqiqətən, zövqlü idi və bu yüksək səviyyəli dostluq münasibətlərini siyasi fəaliyyət dönəmində də davam etdirdik. Ən maraqlısı da budur ki, Milli Məclisə deputat seçkilərindən sonra kiminlə yanaşı oturmaq barədə aparatdan rəyimi soruşarkən, heç tərəddüdsüz İlyas İsmayılovla oturmaq istədiyimi söyləmişdim. Zəng edən məmur cavabımı eşidən kimi, dərhal reaksiya verdi ki, elə İlyas müəllim də sizinlə oturmaq istədiyini söyləyib. Bu, hər zaman dəyərli ziyalı, dövlət xadimi və ağsaqqal hesab etdiyim İlyas müəllimlə dostluğumuzun yazılmamış ifadəsi idi.

Maraqlıdır ki, hansısa maraqlı məqaləm, müsahibəm dərc olunanda, yaxud da kitabım çıxanda ilk münasibəti İlyas müəllimdən alıram və təskinlik tapıram ki, demək, pis alınmayıb.

80 yaşda heç də hamı müdrikliyini qoruya bilmir. Bu müdrikliyi qorumanın özü də özəl bir fəzilətdən xəbər verir. Hər dövlət xadimi, hətta hər elm xadimi  həm də ziyalı kimi yaddaşlarda özünə yer qazana bilmir. Bu cür insanlar haqqında ən gözəl sözü, bəlkə də təkrar deyilmiş olsa belə, Nazim Hikmət demiş.

Bir şeirində dənizin sahilində durmuş ata ilə oğulun dialoqunda yer alan mənaya baxın. Dənizi seyr edən oğul gözü önündə canlananları sadalayaraq atasından soruşur: "Balıqmı olmalı, gəmimi, yosunmu yoxsa?". Atanın tamamlayıcı bir cavabı var: "Dəniz olmalı oğlum, balığıyla, gəmisiylə, yosunuyla birgə".

Bütün bu komponentləri içində cəmləyən bir dəniz kimi, varlığını sağlıqla yürütməyini ömrün səksənindən sonra da arzulayıram İlyas müəllimin. 

Haçansa zəng edəndə və yaxud görüşəndə İlyas müəllimdən əhvalını soruşuram, dərhal zarafatla "Qoca kişinin keyfi necə olar?" cavabını alıram. Mənim də cavabım geçikmir və hiss edirəm ki, bu cavabdan xeyli məmnun qalır: "Allah hər birimizə bu cür gözəl qocalıq qismət etsin!"

Gözəl qocalığınız qutlu olsun, dəyərli İnsan!

http://strateq.az/wp-content/uploads/2017/06/ilyas-ismayılov-9-300x232.jpg 300w, http://strateq.az/wp-content/uploads/2017/06/ilyas-ismayılov-9-110x85.jpg 110w, http://strateq.az/wp-content/uploads/2017/06/ilyas-ismayılov-9-90x70.jpg 90w, http://strateq.az/wp-content/uploads/2017/06/ilyas-ismayılov-9-272x210.jpg 272w, http://strateq.az/wp-content/uploads/2017/06/ilyas-ismayılov-9-120x93.jpg 120w" sizes="(max-width: 563px) 100vw, 563px" style="margin: 0px; padding: 0px; outline: none; width: 540px; height: 417px;" />

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər
BakiPost.AZ 2016
Haqqımızda Əlaqə